Ağdaş rayonunda “Respublikada çəltik istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Ağdaş, Ucar, Zərdab, Ağsu, Yevlax, Göyçay və Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, Azərbaycanda ənənəvi sahələrdən olan çəltikçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, çəltik istehsalına marağın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Qeyd olunub ki, Dövlət Proqramının icrası istiqamətində görülmüş tədbirlər nəticəsində 2019-cu ildə 4038 hektarda çəltik əkilib, istehsal 12152 ton, orta məhsuldarlıq isə 30,1 s/ha olub: “Hazırda Azərbaycanda çəltik əkinçiliyi əsasən Lənkəran və Aran iqtisadi rayonlarında aparılıb. Dövlət Proqramında qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi üçün əkin sahələrinin genişləndirilməsi, yeni məhsuldar çəltik sortlarının yaradılması və toxumçuluğunun təşkili, innovativ becərmə texnologiyalarının tətbiqi qarşıda duran vəzifələrdəndir”.
Müşavirədə bu il çəltik əkinlərin genişləndirilməsi məqsədilə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün əkin sahələrinin seçilməsi, toxum tələbatının müəyyənləşdirilməsi, çəltiyin becərilməsində istifadə olunan texnika, mineral gübrələr və pestisidlərə olan təminatın vəziyyəti və digər məsələlər müvafiq rayonların DAİM rəhbərlərinin, Aqrar Xidmətlər Agentliyinin, ”Aqrolizinq” ASC-nin mütəxəssislərinin, eləcə də çəltik istehsalçılarının iştirakı ilə müzakirə edilib.
Tədbirin sonunda Ağdaş rayonunda çəltik istehsalçısının emal sexinə baxış keçirilib, müvafiq müzakirələr aparılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026