Kənd Təsərrüfatı Nazirliyi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalında müasir texnika və texnologiyalardan istifadəsini artırmaq məqsədilə ixtisaslaşmış texnikalarla tanışlıq tədbirlərinə start verib. Aqrar Kredit və İnkişaf Agentliyinin İsmayıllı rayonunda keçirdiyi “Kartof festivalı” bu strateji əhəmiyyətli məhsulun yığımında əl əməyini azaldan və fermer işini yüngülləşdirən texnikaların nümayişinə həsr olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev də iştirak ediblər.
“Prior Leasing”, “Claas” və “Grimme” şirkətlərinin sponsorluğu ilə keçirilən tədbirdə tərəvəzçi-fermerlərə dəvət olunmuş xarici mütəxəssislər kartof istehsalında ən müasir modelləri təqdim edən brendlərin texnikalarının xüsusiyyətləri barədə məlumat veriblər.
İsmayıllı fermerləri ilə yanaşı, sponsorların dəstəyi ilə tədbirə gəlmiş Tovuz, Qazax, Gədəbəy, Masallı, Cəliləbad fermerləri də “Grimme KS” kəsim aparatı, “Grimme GF 400” cərgə açan frez, “Grimme GL 430” kartofəkən, “Grimme SE 260” kartofyığan texnikalarının, eləcə də bu brendin kartof sortlaşdırma avadanlıqlarının fəaliyyətini əyani şəkildə izləmək imkanı qazanıb və “CLAAS AXION 820” modeli ilə tanış olublar.
“Məqsədimiz kənd təsərrüfatında fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsidir. Kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə - 40% subsidiya ilə təqdim edilməsinin, eləcə də texnika bazarının liberallaşdırılmasının, yəni fermerə istədiyi təchizatçıdan texnika seçmək azadlığı verilməsinin əsas səbəblərindən biri də məhz budur. Müasir texnikalardan istifadə aqrar sahədə məhsuldarlığın artmasına, daha peşəkar və bacarıqlı işçilərin çoxalmasına və buna mütənasib olaraq, gəlirlərin də yüksəlməsinə səbəb olar”, – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.
Qeyd edək ki, ixtisaslaşmış kənd təsərrüfatı texnikaları ilə tanışlıq tədbirləri digər rayonlarda da davam etdiriləcək.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026