Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsi başa çatıb. Bununla bağlı keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini-İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, “MS Pro Group”un direktoru Kamil Piriyev və təlimçilər iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini-İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev bildirib ki, Nazirliyin əsas hədəflərindən biri daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. O əlavə edib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etmək olub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması ilə bağlı layihə çərçivəsində təşkil olunan təlimlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. İmran Cümşüdov qeyd edib ki, layihə iştirakçılarına təlimçilik bacarıqları və təqdimatların düzgün tərtib edilməsi ilə bağlı təlimlər keçirilib.
“MS Pro Group”un direktoru Kamil Piriyev isə bildirib ki, layihənin yekununda aqrar sahə üzrə hazırlanmış təlimçilərin təlimləri peşəkar təlimçilər tərəfindən qiymətləndirilib, onların motivasiya və təlimçilik bacarıqları dəyərləndirilib.
Tədbirdə çıxış edənlər layihə iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra layihə iştirakçıları çıxış edərək aqrar sahədə təlim və maarifləndirmənin əhəmiyyəti haqqında danışıb, təlimlər zamanı əldə etdikləri bilik və bacarıqları ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Təlimçinin əl kitabçası”nın təqdimatı da keçirilib. Tədbirin sonunda təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026