“Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda onlyan formatda görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi və ölkəmizdə fəaliyyət göstərən təchizatçı şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülüb. Həyata keçirilən tədbirlər çərçivəsində “Aqroservis” ASC tərəfindən alınmış 45 mindən çox, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq 19 min ədədə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasına, o cümlədən müasir tipli pambıqyığan və taxılyığan kombaynlara, traktorlara, yedəklərə və digər kənd təsərrüfatı texnikasına dövlət vəsaiti hesabına 40 faiz güzəşt tətbiq edilməklə fermerlərə lizinq yolu ilə satılıb. Bununla yanaşı, kənd təsərrüfatı texnikası, eləcə də onların ehtiyat hissələrinin istehsalı, satışı və idxalı ƏDV-dən və gömrük rüsumundan azad edilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilib, kənd təsərrüfatının ənənəvi sahələri sayılan pambıqçılığın, taxılçılığın, çəltikçiliyin, çayçılığın, bağçılığın və digər sahələrin dayanıqlı inkişafı təmin olunub.
Tədbirdə innovativ və kombinə edilmiş çox funksiyalı, əkinçilik nöqteyi nəzərən torpaq və resurs qoruyucu texnikaların ölkəyə idxalına xüsusi önəm verilməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlərin görülməsi, eləcə də bu sahədə təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyacın olduğu təchizatçı şirkətlərin diqqətinə çatdırılıb.
Görüşdə bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Cari ildə Kənd Təsərrüfatı Nazirliyinin və təchizatçı şirkətlərin təşkilatçılığı ilə bölgələrdə innovativ texnikaların sərgi-satış yarmarkalarının və tarla günlərinin təşkil edilməsi təklif olunub. Müzakirələrin sonunda bu formada görüşlərin davam etdirilməsi qərara alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.
Nazir müavini Sarvan Cəfərov Qobustanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
07 May 2024
“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək
07 May 2024
Aqrar Sığorta Fondu: Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə 20 müraciət daxil olub
06 May 2024
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
03 May 2024
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib
03 May 2024