Bu gün Aqrar Tədqiqatlar Mərkəzində (ATM) “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsinin bağlanış mərasimi keçirilib.
Layihə çərçivəsində gənclər 10 gün ərzində Kənd Təsərrüfatı Nazirliyinin Bakı, Gəncə, Samux və Şəmkirdə yerləşən ixtisaslaşmış müəssisələrində olub, nazirliyin media və aqrar mütəxəssislərinin rəhbərliyi ilə praktiki araşdırma və təlimlərdə iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsində fəal iştirak etdiklərinə görə könüllülərə təşəkkürünü bildirib, onların gələcəkdə aqrar sahəyə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Təşkilatın sədri Sarvan Cəbrayılzadə bildirib ki, qısa müddətdə könüllülər Tərəvəzçilik Elmi-tədqiqat İnstitutunda, ADAU-da, Şəmkir və Samuxda yerləşən aqrokomplekslərdə olublar. \"Şəmkir Aqropark\"da yerləşən Logistik Mərkəz, Bir Pəncərə Kompleksi, TIR parkı və \"ATA AGRO\" MMC-nin istixanaları ilə yaxından maraqlanıb, həmçinin qabaqcıl özəl təsərrüfatların iş təcrübəsini öyrəniblər. Səfərlər zamanı könüllülər üçün səmərəli asudə vaxt da təşkil edilib, onların Azərbaycan Xalq Cümhuriyyəti muzeyinə ekskursiyası təşkil olunub.
S.Cəbrayılzadə Azərbaycan milli təfəkkürünün formalaşmasında və xalqımızın maariflənməsində müstəsna rol oynamış “Əkinçi” qəzetinin fəaliyyətindən də söhbət açıb. Sonda layihə boyu göstərdikləri fəallığa görə gənclərə təşəkkürünü bildirib.
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov gənclərə data- jurnalistikaya daha çox diqqət yetirməyi tövsiyə edib, bu fəaliyyət növünün perspektivləri haqqında məlumat verib.
Jurnalist Afət Yaqubova kənd təsərrüfatı sahəsinə jurnalistlərin cəlb olunmasına ehtiyac olduğunu söyləyib. ““Aqrar İnkişaf Könüllüləri\" təşkilatının bu layihəsini baş tutmuş hesab edə bilərik. Əgər biz 30 nəfər arasından aqrar sahəyə 3 jurnalist belə cəlb edə bildiksə, deməli, layihə öz məqsədinə çatıb”, - deyə A.Yaqubova vurğulayıb.
Qeyd edək ki, “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsinin məqsədi gənclərin rəqəmsal mediaya marağının artırılması, aqrar sahədə olan ehtiyacların müəyyən edilməsi, aqrar jurnalistlərin davamlı və həvəsli inkişafına töhfə verilməsi, aqrar sahəyə aid məqalələrin daha savadlı şəkildə yazılmasına dəstək olmaqdır.
Jurnalistika və digər müxtəlif ixtisaslar üzrə təhsil almış iştirakçılar kənd təsərrüfatı sahəsinin mediada işıqlandırılması şərtləri, aqrar siyasət, torpaqdan səmərəli istifadə, aqrar məşğulluq və kənd təsərrüfatı kreditləri, əkinçilik və heyvandarlıqda intensiv metodların tətbiqi mövzuları üzrə maarifləndirici təlimlərdə olublar.
Sonda iştirakçıları layihə boyu öyrəndiklərinə aid hazırladıqları təqdimata görə 6 nəfərlik komanda xüsusi hədiyyələrlə mükafatlandırılıb, digər gənclər isə sertifikatlarla təltif edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024