İyunun 3-də Şəmkir, Cəlilabad və Şəki rayonlarında arıçılıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlimlər Şəmkir, Cəlilabad və Şəki rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat və idarə şəraitində aparılıb.
“Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təsərrüfat şəraitində Şəmkir rayonunun Qədim Qala kənd sakini, arıçı Firdovsi Əbülfət oğlu Şahbazovun 65 arı ailəsi saxlanılan təsərrüfatında təlim keçirilib. Burada arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib.
“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlim təsərrüfat şəraitində Cəlilabad rayonunun Günəşli kəndində yerləşən “Günəşli” Aqroparkında baş tutub. Təlimdə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətindən və iqtisadi zərərindən danışılıb. Xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb.
Şəkidə “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim həm təsərrüfat şəraitində, həm də idarədə keçirilib. Fermerlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığını və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib.
Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.
Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.
Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024