• Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan Dövlət Aqrar Universiteti ilə Kazan Dövlət Aqrar Universiteti arasında memorandum imzalan...
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Kazan Dövlət Aqrar Universiteti arasında memorandum imzalanıb

Kazan Dövlət Aqrar Universitetinin nümayəndələri Azərbaycan Respublikasında səfərdə olub. Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində Kazan Dövlət Aqrar Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fuad Mayılov, müdir müavini Emin Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektor vəzifəsini icra edən Zəfər Qurbanov, Kazan Dövlət Aqrar Universitetinin rektoru Ayrat Rasimoviç Vəliyev, Meşə təsərrüfatı və ekologiya fakültəsinin dekanı Renat Xalitoviç Qafiyatov, Meşə təsərrüfatı və meşə plantasiyaları kafedrasının professoru Xaris Qaynutdinoviç Musin iştirak edib.

Tədbirdə ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Ölkəmizdə aqrar təhsilin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə kadr bazasının formalaşdırılması və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas məqsədlərdəndir.

Respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşdə kənd təsərrüfatı sahəsində elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı ilə bağlı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti və Kazan Dövlət Aqrar Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Əməkdaşlıq Memorandumunda tədqiqat və innovasiya fəaliyyətinin inkişafı, birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi məlumat mübadiləsi, birgə elmi ekspedisiyalar, konfranslar, seminarlar, elmi simpoziumlar və digər beynəlxalq tədbirlərin təşkili, elmi məqalələrin çap olunması, birgə nəşrlər və tədqiqat nəticələrinin patentləşdirilməsi, qısa və ortamüddətli proqramlar üzrə alim və işçilərin mübadiləsi, aspirantura, doktorantura, təcrübə və ixtisasartırma kurslarının təşkili yolu ilə elmi və elmi-pedaqoji kadrların hazırlanması nəzərdə tutulur.