Azərbaycan nümayəndə heyəti beynəlxalq seminarda iştirak edib

Macarıstanın paytaxtı Budapeşt şəhərində FAO-nun Avropa və Mərkəzi Asiya Regional Ofisi tərəfindən İcmaların inkişafı və inteqrasiyası mövzusunda II regional seminar təşkil olunub. Seminarın əsas məqsədi İcma inkişafı üzrə texniki şəbəkəni canlandırmaq, kənd yerlərinin inkişafı ilə bağlı müxtəlif yanaşmaları və praktiki təcrübələri təqdim etmək, müzakirələr aparmaq, kənd yerlərinin inkişafına maraq göstərən hökumətlər, beynəlxalq təşkilatlar, donorlar, vətəndaş cəmiyyəti və özəl sektor arasında yeni tərəfdaşlıqların qurulmasına töhfə verməkdən ibarət olub.

Tədbirdə müxtəlif ölkələrin aqrar sahədə həyata keçirdiyi fəaliyyət, dövlət dəstək tədbirləri, bu sahədə gənclərin və qadınların imkanlarının genişləndirilməsinə dair imkanlar və həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib.

Seminarda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələri iştirak edib.

Tədbir zamanı, Azərbaycanın aqrar sahədə həyata keçirdiyi dövlət dəstək tədbirləri, kənd təsərrüfatında gənclərin imkanlarının genişləndirilməsi və hökumətin həyata keçirdiyi islahatlar barədə geniş təqdimat edilib.