• Ana səhifə
  • Xəbərlər
  • Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı üzrə beynəlxalq təlimdə iştirak edib
Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı üzrə beynəlxalq təlimdə iştirak edib

Pakistanın Feysəlabad şəhərində “Asiyada torpağın münbitliyinin yaxşılaşdırılması, şoranlıqla mübarizə, qida maddələri və sudan səmərəli istifadə, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında iqlim əsaslı ağıllı kənd təsərrüfatının rolu” mövzusunda beynəlxalq təlim keçirilib. 22 ölkədən ümumilikdə 70 mütəxəssisin qatıldığı təlimdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Təlimdən əvvəl Azərbaycan nümayəndə heyəti ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahəyə dövlət dəstəyi, iqlim dəyişikliyinin bu sektora təsiri, kənd təsərrüfatında innovativ metodların tətbiqinin zəruriliyi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əldə olunan nəticələr haqqında məlumat verib. 

Təlimdə müxtəlif mövzularda, o cümlədən şoranlıqla mübarizə, torpaqda qida maddələri dövriyyəsinin saxlanılması, resurslardan (torpaq, su, gübrələr) istifadə səmərəliliyinin artırılması və digər əlaqəli mövzularda təqdimatlar keçirilib, iqlim əsaslı ağıllı kənd təsərrüfatı təcrübələrindən bəhs olunub.

Kənd təsərrüfatında nüvə texnologiyasının ayrı-ayrı elementlərini özündə birləşdirən “iqlim əsaslı ağıllı kənd təsərrüfatı” metodlarından istifadəni əyani göstərmək üçün əkin sahələrinə, aidiyyəti tədqiqat institutlarına və laboratoriyalara, müasir avadanlıqlara baxış keçirilib.

Səfər çərçivəsində AEBA, Pakistan Atom Enerjisi Komissiyası, Kənd təsərrüfatı və biologiya üzrə Nüvə Tədqiqatları İnstitutu (NİAB) ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib  və iqlim əsaslı ağıllı kənd təsərrüfatı metodlarının tətbiqinin təşviq edilməsi üçün yeni layihələrin hazırlanması istiqamətində əlaqələrin gücləndirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, hazırda Azərbaycanda pambıq və buğda bitkiləri üzərində hədəf fermer təsərrüfatlarında AEBA-nın dəstəyi ilə iqlim əsaslı ağıllı kənd təsərrüfatı metodları tətbiq edilir.