Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və Tacikistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib.
Forum Azərbaycan ilə Tacikistanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsi aparılması məqsədi ilə təşkil olunub.
Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.
Aqrobiznes forumunun açılışında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tacikistan ilə ölkəmiz arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da əlaqələrin yeni müstəvidə inkişaf etdiyini vurğulayıb.
Nazir müavini Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının ölkəmizdə prioritet sahə elan olunduğunu qonaqların diqqətinə çatdırıb. Həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə məlumat verib.
“Azərbaycanda aqrar sektorun inkişafı əhalinin tələbatının yerli məhsullar hesabına ödənilməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu sahənin inkişafı ölkənin aqrar məhsullarının ixracı sahəsindəki imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb”, - deyən İ.Quliyev Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkənin iş adamlarının kənd təsərrüfatı sahəsində əməkdaşlığı üçün geniş imkanlar var.
Tacikistanın səfiri Rustam Soliyev çıxış edərək bildirib ki, ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır. Digər sahələrdə olduğu kimi, aqrar sektorda da əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması layihələri üzərində iş aparıldığını vurğulayan səfir bugünkü forumun Tacikistan mütəxəssislərinin Azərbaycanın təcrübəsinin öyrənilməsi baxımından da vacib olduğunu deyib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev belə forumların qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması baxımından əhəmiyyətli rol oynadığını vurğulayıb. Yusif Abdullayev ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tacikistanın iqtisadi, o cümlədən aqrar sahədəki potensialı barədə danışan Xudjand şəhərinin rəhbəri Maqruf Muhammadzoda tacik iş adamlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində mühüm irəliləyiş baş verdiyini deyən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bu sahəyə böyük dövlət dəstəyinin göstərildiyini vurğulayıb: “Ölkəmizin kənd təsərrüfatı son illərdə öz uğurları ilə seçilən sektorlardan biridir. Bu, özünü ilin ilk altı ayının nəticələrində və ixrac rəqəmlərində də göstərir”.
Bugünkü forumda tacikistanlı iş adamlarının, dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyini xatırladan L.Məmmədova əmin olduğunu bildirib ki, belə tədbirlər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən aqrar sahədə əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq.
Sonra Azərbaycan və Tacikistanın kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar edilib, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunub, ikitərəfli görüşlər keçirilib.
Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgi də təşkil olunub.
Tacikistanlı qonaqların Quba və Xaçmaz rayonlarına səfəri də nəzərdə tutulur. Onlar əvvəlcə Bakı Yağ Emalı Fabrikinə, sonra Xaçmaz Konserv Zavoduna və Quba “ABAD Factory” İstehsalat Kompleksinə gedəcək, həmin müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024