Azərbaycanda aqrar sığortanın tətbiqi ilə əlaqədar olaraq bu sahədə müstəqil ekspertlər institutu yaradılır. Müstəqil ekspert – kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxsdir.
Ölkə qanunvericiliyinə görə, aqrar sığorta müqaviləsi bağlanarkən riskləri və hadisə baş verdikdə dəymiş zərəri müstəqil ekspertlər qiymətləndirəcəklər. Bu, ödənişli xidmətdir və həmin xidmətlərin həyata keçirilməsi üçün müstəqil ekspertlərə müvafiq xidmət haqqı ödəniləcək.
Nazirlər Kabinetinin “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarına görə aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq istəyən şəxslər aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi, baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik, eləcə də balıqçılıq və su bioehtiyatları və akvakultura üzrə ali və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.
Başqa sözlə, hazırda dövlət və özəl sektorda çalışan baytarlar, aqronomlar, balıqçılıq və oxşar ixtisaslara sahib olan şəxslər, eləcə də sözügedən ixtisaslar üzrə universitet və kollec məzunları müstəqil ekspert statusu ala bilərlər.
Belə ixtisaslara malik olan şəxslər aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq üçün müvafiq imtahan verərək sertifikat almıalı və reyestrə daxil edilməlidirlər.
Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək. Artıq Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib. Proqramlarla
(http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) linki vasitəsilə tanış olmaq olar.
İmtahan iki mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, o cümlədən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edir.
İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün ümumi (maksimal) bal 120 baldır və imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın hər bir mərhələsinin davametmə müddəti 3 saatdır.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
- Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahanlarda iştirak etmək istəyən namizədlər “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə yaxından tanış ola bilərlər.
Xatırladaq ki, imtahan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir. İmtahan nəticəsində sertifikatlar Dövlət İmtahan Mərkəzi tərəfindən verilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024