Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb. Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbir keçirilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və pambıqçı fermerlərin iştirak etdiyi tədbirdə 2 kombaynla yığım prosesinə start verilib. Yığımın start verildiyi fermer təsərrüfatının rəhbəri Sürəddin Quliyev bildirib ki, 4 hektar sahədə pambıq əkini ilə bağlı “MKT” MMC ilə müqavilə bağlayıb. O, bu il hər hektardan 50 sentnerdən artıq məhsul proqnozlaşdırdığını deyib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir”.
Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu deyən Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. Nazir Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində subsidiyanın tətbiq olunduğunu xatırladıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü vurğulayıb.
Nazir İnam Kərimov əlavə edib ki, artıq respublikanın bütün rayonlarında kütləvi pambıq yığımı prosesinə başlanılıb. Əvvəlki illərdən fərqli olaraq bu il fermerlər tərəfindən pambıq əkini üçün daha məhsuldar sahələr seçilib: “Bu il 100 min hektar sahədə pambıq əkini həyata keçirilib. İlin əvvəlindən aqrotexniki qaydalara düzgün əməl edilməsi, səpinin vaxtında həyata keçirilməsi, düzgün sortların seçilməsi, gübrə ilə təminatın vaxtında həyata keçirilməsi, suvarmanın təşkili sayəsində yüksək məhsuldarlıq gözlənilir. Bütün bitkilərdə olduğu kimi, pambıqda da məhsuldarlıqda əsas məqamı yığım təşkil edir. Bu gün respublikamızda yığım kombaynlarla həyata keçirilir və bu il ötən ilə nisbətən yığımın 90%-nin kombaynlarla həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə pambıq yığımı daha sürətli, daha operativ həyata keçiriləcək”.
Daha sonra tədbir iştirakçıları Neftçala rayonunun Xol Qaraqaşlı kəndində fermer Əlibala Səlimova məxsus 30 hektarlıq pambıq sahəsinə baxış keçiriblər. Fermer Əlibala Səlimov bildirib ki, “P-Agro” MMC ilə müqavilə bağlayıb və bu il hər hektardan 60 sentnerdən artıq məhsul olacağı gözlənilir. Sahəyə baxışdan sonra 2 kombaynla yığım prosesinə start verilib. “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov bildirib ki, hazırda mexanikləşdirilmiş üsulla pambıq yığımına 435 kombayn cəlb olunub, ehtiyatda isə 34 kombayn saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini deyib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri bildirib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini xatırladan İmran Cümşüdov sınaq əkinlərinin uğurlu nəticə verdiyini deyib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 90 sentnerdən çox məhsul götürüləcəyi proqnozlaşdırılır.
Tədbir iştirakçıları fermer Əlibala Səlimovun sahəsində və ümumiyyətlə respublikanın pambıq sahələrində bu il gözlənilən yüksək məhsuldarlıqla bağlı fikir mübadiləsi aparıblar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024