Afinada Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” mövzusunda biznes forum keçirilib. Forumda ölkəmizi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təmsil edib.
Forumun açılış mərasimində Yunanıstan Sahibkarlar Federasiyasının vitse-prezidenti Konstantinos Bitsios, Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin icraçı direktoru Georgios Filiopulos, Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov çıxış edib, iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikirlərini bölüşüb. Bildirilib ki, belə tədbirlər hər iki ölkənin biznes strukturlarının nümayəndələrinə mövcud imkanlar barədə daha çox məlumat verilməsinə və gələcək əməkdaşlığın qurulmasına zəmin yaradır.
Forum çərçivəsində baş tutan “Azərbaycanda biznes mühiti” panelində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova təqdimatla çıxış edib, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar və aqrar sahənin inkişafında həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, yerli məhsulların tanıdılmasında biznes missiyaların əhəmiyyəti böyükdür: “Yunanıstan da Azərbaycan kimi kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayırır. Bu oxşar cəhət ölkələrimiz arasında aqrar sahədə daha sıx əməkdaşlıq üçün zəmin yaradır. Hazırda Azərbaycanda bu sahədə aparılan islahatlar və dövlətin xüsusi diqqəti nəticəsində kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf gedir. Azərbaycanın ixrac potensialı hər il artmaqdadır. Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarını həm təzə halda, həm də emal olunmuş şəkildə idxal etmək mümkündür. Biz Yunanıstanın Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr sırasında xüsusi yer tutmasını istəyirik. Ümid edirəm ki, həyata keçirdiyimiz bu biznes missiya uğurlu olacaq və ölkələrimiz arasında yeni işgüzar əməkdaşlıqlara öz töhfəsini verəcək.”
Forumda iştirak edən yunan sahibkarlarına müraciət edən Leyla Məmmədova onları Azərbaycanda aqrar sahəyə investisiya yatırmağa çağırıb. O bildirib ki, ölkəmizdə investisiya üçün əlverişli mühit var və dövlət tərəfindən mütəmadi olaraq biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Paneldə AZPROMO-nun prezidentinin müşaviri Fuad Pənahov da çıxış edib, Azərbaycanın biznes mühiti və ixrac potensialı barədə ətraflı məlumat verib.
“Azərbaycanla biznes əlaqələri qurmuş şirkətlər” panelində isə hazırda Azərbaycanda birbaşa və yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən yunan şirkətlərinin nümayəndələri çıxış edib, biznes üçün Azərbaycanı seçmə səbəbləri və gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, biznes forumun təşkilində əsas məqsəd hər iki ölkənin müvafiq dövlət və özəl biznes strukturları arasında ticarət əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanların araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulmasıdır. Forum çərçivəsində təşkil edilən sərgidə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən yerli fermer məhsullarının tanıdılması məqsədilə zəfəran, zəfəran cemi, çay, bal, düyü, şərab, xurma, nar şərab, fındıq, müxtəlif mürəbbələr, eləcə də “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan Zaqatala çayı, düyü unu, düyü, noxud, bal və digər qida məhsullarının sərgi və dequstasiyası da təşkil olunub.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024