Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi Ağakişi Alıyevin müsahibəsi
- Ağakişi müəllim, rəhbəri olduğunuz Xidmətin əsas funksiyası nədən ibarətdir?
- Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti kənd təsərrüfatı texnikalarının dövlət qeydiyyatına alınması, qeydiyyatdan çıxarılması, texniki baxışın aparılması, traktor və digər vasitələri idarə etmək üçün imtahanların qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi və kənd təsərrüfatı texnikalarının istifadəsinə dövlət nəzarətini həyata keçirir. Xidmət tərəfindən 2018-ci il avqustun 13-dək texnikanın qeydiyyata alınması üçün 8688, sürücülük vəsiqəsinin verilməsi üçün 1356, sürücülük vəsiqəsinin dəyişməsi üçün 2051 müraciət daxil olub və bu müraciətlər yerinə yetirilib. 600-dən artıq inzibati xəta törətmiş fiziki və hüquqi şəxslər barəsində protokol tərtib edilib. 20000-dən artiq texnika dövlət texniki baxışdan keçirilib.
- Bu günə qədər Baş Dövlət Texniki Nəzarət Xidmətində neçə texnika qeydiyyata alınıb?
- 2018-cı il 13 avqust tarixə qədər Müfəttişliyin rəsmi dövlət reyestrində qeydiyyata alınmış bütün texnikalar elektron bazaya daxil edilib. Elektron bazamızda respublika üzrə 57911 ədəd özüyeriyən, 13134 ədəd asma və qoşulan, 9409 ədəd traktor yedəyi, 115 ədəd stasionar mexanizm, cəmi 80569 ədəd qeydiyyata alınmış texnika mövcuddur. Onlardan 414 ədədi ipoteka yüklüdür. Traktor və digər mexaniki nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarə etməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə əyləc sisteminin effektivliyinin ölçü cihazı kimi müasir avadanlıqlardan istifadə edilir. Bundan əlavə biz Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi ilə sıx əməkdaşlıq edir, problemlərin birgə həllində tədbirlər həyata keçirir, mexanizatorların maarifləndirilməsi istiqamətində dəyirmi masa ətrafında müzakirələr aparırıq. Bundan əlavə Xidmət tərəfindən 17 regional bölmə yaradılıb və həmin bölmələrdə də kənd təsərrüfatı texnikalarının qeydiyyatının aparılması, imtahanların qəbulu, sürücülük vəsiqələrinin verilməsi kimi tədbirlər görülür.
- Son zamanlar təmsil etdiyiniz qurum tərəfindən səyyar xidmətlərin göstərilməsi də intensivləşib...
- Vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə 2016-cı ilin aprel ayından Dövlət Xidmətinin Səyyar Xidmət Qrupu aktiv fəaliyyət göstərir. Qrup operativlik, şəffaflıq və rahatlıq prinsiplərinə əsaslanaraq, yerlərdə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin 30 dəqiqəyə verilməsi, dəyişdirilməsi, dövlət qeydiyyatında olmayan texnikaların qeydiyyata alınmasını operativ halda həyata keçirir. Eyni zamanda Cocuq Mərcanlıda təşkil olunan səyyar xidmət zamanı Cəbrayıl və Füzulidən olan 150-yə yaxın mexanizatorun müddəti bitən sürücülük vəsiqələri dəyişdirilib. Xidmətdə yeni avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Burada növündən asılı olmayaraq bütün texnikaların qeydiyyatı və digər tədbirlər elektron qaydada təşkil olunub. Məsələn, əməkdaşlar tərəfindən saxlanmış traktorun nömrəsini bizim sistem vasitəsilə yoxladıqda həmin texnikanın bütün parametr üzrə məlumatları planşetdə göstərilir. Artıq mexanizatordan nəyisə soruşmağa ehtiyac qalmır.
- Səyyar Xidmət Qrupunun keçirdiyi tədbirlər zamanı sürücülük vəsiqəsi alanlar arasında qadın mexanizatorlara da tez-tez rast gəlmək olur.
- Bu gün hər bir mexanizator öz üzərində işləməli, maariflənməli və müasir texnikadan istifadə qaydalarına riayət etməlidir. Qeyd etmək istərdim ki son zamanlar Respublikamızda qadınların mexanizator peşəsinə marağı artıb. Belə ki, qısa müddət ərzində 30-dan artıq qadın mexanizatora sürücülük vəsiqəsi verilib. Bizim fəaliyyətimiz operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipləri üzərində qurulub.
- Bölgələrdə fəaliyyət göstərən səyyar məntəqələrin funksiyası nədən ibarətdir?
- Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən “Aqrolizinq” ASC-yə məxsus Ucar, Şirvan, Gəncə satış bazalarında lizinq yolu ilə texnika götürən hüquqi və fiziki şəxslərə bu bazalarda yerində xidmət göstərmək üçün səyyar məntəqələr yaradılıb. Səyyar məntəqələr saat 09:00-dan 18:00-dək Xidmətin fəaliyyət istiqamətləri üzrə xidmətləri yerinə yetirir. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Lizinqə götürülmüş nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan və dövlət qeydiyyat nişanı müəyyən olunmuş hissəyə bərkidilmədən istifadəsi qadağandır. Biz fəaliyyət prinsiplərimizdə daim mexanizator və sahibkarların yanındayıq, amma onlar da qanunvericiliyin aliliyinə əməl etməyə borcludur.
- Fəaliyyətinizdə hansı yeniliklər gözlənilir?
- 2017-ci ildə sürücülük vəsiqəsi və dövlət qeydiyyat şəhadətnamələrinin yeni müasir standartlara uyğun plastik kartlarla əvəz edilməsi məqsədilə printerlər, kağızkəsən və laminasiya cihazları alınıb və 2018-ci ilin yanvar ayından traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin və nəqliyyat vasitələrinə verilən dövlət qeydiyyat şəhadətnamələrini yeni təsdiq olunan nümunələrinin tətbiqinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil edilib. Bu kursları müvəffəqiyyətlə bitirən tələbələrə test üsulu ilə imtahanların qəbulu təşkil olunub. İmtahanların qısa müddətdə və şəffaf qəbul edilməsi məqsədilə Baş Dövlət Texniki Nəzarət Xidmətinin Səyyar Xidmət Qrupu Gəncə şəhərinə ezam edilib. Keçirilən imtahanlarda iştirak edən 108 tələbədən 87 nəfəri proqrama uyğun olaraq sualları müsbət cavablandırıb və nəticədə hər biri traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi ilə təmin edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024