Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi uğurla davam edir. Bu həftə Bərdə rayonunda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Bərdədə Qərb və Qarabağ bölgəsində fəaliyyət göstərən 16 Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarına, Aqrar İnkişaf Könüllülərinə və ASAN Könüllülərə EKTİS-in tətbiqi ilə bağlı xüsusi təlimlər keçirilib. Təlimlərə ümumilikdə 60-dək şəxs cəlb olunub. Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları iştirakçılara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığını izah ediblər.
EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Bərdə “ASAN xidmət” Mərkəzində fermerlərə yardım məqsədilə iki xidmət pəncərəsi yaradılıb, Səyyar ASAN xidmət avtobusu isə Şörəlli kəndində fermerlərə xidmət göstərməyə başlayıb. Şörəlli və ətraf kəndlərdə yaşayan fermerlər səyyar xidmətlərdən yararlanaraq öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Analoji proses Bərdə DAİM-ə və Bərdə “ASAN xidmət” Mərkəzində də həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, bu günədək 23 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib: “Ümumilikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 440 mindən artıq fermerin qeydiyyatdan keçəcəyi gözlənilir. Nazirlik ilkin olaraq Quba və Şəki rayonlarında EKTİS-in tətbiqi ilə əlaqədar pilot layihə gerçəkləşdirib. Daha sonra maarifləndirmə işləri, informasiya məsləhət xidməti bütün respublika ərazisini əhatə edib. Qubada start verilən proses daha sonra Şəki, Sabirabad rayonlarında, hazırda isə Bərdədə davam etdirilir. Əməkdaşlarımız və könüllülər fermerlərə qeydiyyat proseduru, funksiyalardan istifadə qaydalarını izah edirlər”.
Vüqar Hüseynov bildirib ki, fermerlər www.eagro.az saytına daxil olaraq özlərinə şəxsi kabinet yarada və aqrar fəaliyyətlərini EKTİS-də bəyan edə bilərlər: “Fermerlərimizi bu prosesdə daha aktiv olmağa çağırırıq. Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, “ASAN Xidmət” mərkzələrində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyat proseduru ilə bağlı yarana biləcək sualları ünvanlaya bilərlər. Əməkdaşlarımız və könüllülərimiz bütün suallara tam şəkildə aydınlıq gətirəcəklər. Bir faktı qeyd etmək istəyirəm ki, gördüyümüz işlər nəticəsində aprel ayı ərzində yeni sistemdə qeydiyyatdan keçənlərin sayı artıb. Ölkə üzrə hər gün yüzlərlə fermer EKTİS-də qeydiyyatdan keçir. Yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır. Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç prinsipə əsaslanır. Bunlar fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bu prinsipləri ümumiləşdirilmiş şəkildə özündə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.
Qeyd edək ki, bu gündən başlayaraq Bərdə rayonu ilə yanaşı, Tərtər, Ağcabədi, Ağdam, Füzuli rayonlarında və Yevlax şəhərində EKTİS-in tətbiqinə start verilib. Ayın sonunadək Qərb bölgəsində və digər regionlarda nazirlik tərəfindən analoji maarifləndirmə işlərinin aparılması və fermerlərə səyyar infiormasiya məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024