Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Beyləqan rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “İribuynuzlu heyvanlarda qarayara və qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyinin Beyləqan Rayon Baytarlıq İdarəsinin rəisi Nizami Bayramov tərəfindən aparılan təlim Beyləqan rayonu Allahyarlı kənd sakini, 30 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu heyvanı olan Kərəm Əli oğlu Təhməzovun təsərrüfatında baş tutub.
İribuynuzlu heyvanların qarayara və qan-parazitar xəstəliklərinin xüsusiyyətlərindən, təhlükəlilik dərəcəsindən və iqtisadi zərərindən bəhs olunan tədbirdə qarayara xəstəliyinin torpaq infeksiyası olması bir daha fermerlərin diqqətinə çatdırılıb və dövlət vəsaiti hesabına aparılan tədbirlər zamanı heyvanların peyvənddən yayındırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb.
Təlimdə həmçinin fermerlərə qarayara xəstəliyi, xəstəliyin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib, xəstəliyin profilaktikasında istifadə olunan vaksinin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız tətbiq olunduğu bildirilib.
Tədbirdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlərə də toxunulub, qan-parazitar xəstəliyinin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib və xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb.
Təlim iştirakçıları heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi, çimizdirmədən əvvəl və sonra görüləcək tədbirlər barədə də məlumatlandırılıb və heyvanlar qan-parazitar xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciətin edilməsinin, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl olunmasının zəruriliyi qeyd edilib. Eləcə də qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında ətraflı məlumatlar verilib.
Təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, sahibkarlar tərəfindən baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı müzakirələr aparılıb.
Xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyəti barədə məlumat verən məruzəçi, heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması qaydasını diqqətə çatdırıb. Təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları barədə açıqlama verən məruzəçi, baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumat verib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024