Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Aqronomlar İttifaqının və "HH GROUP" şirkətinin təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki seminar keçirilib. İntensiv bitki yetişdirilməsi şəraitində bitki mühafizəsi və torpaq qorunması mövzusunda keçirilmiş seminarda Nazirliyin tabeli qurumlarının, Aqrar Elm və İnnovasiya Mərkəzi, Tərəvəzçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, eləcə də respublikanın digər elmi müəssisələrinin əməkdaşları, fermerlər və rusiyalı elm xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları intensiv əkinçilik zamanı torpağın münbitliyinin qorunub saxlanılması yolları barədə müzakirə aparıblar. Qlobal iqlim dəyişikliyi və məhsul yetişdirmə şəraiti ilə əlaqədar müasir kənd təsərrüfatının ciddi çətinliklərlə üzləşdiyi vurğulanıb. Bununla əlaqədar tədbir iştirakçılarına bitki sağlamlığı tədbirlərinin elmi təminatı haqqında geniş məlumat verilib. Bildirilib ki, stres amillərinə qarşı dözümlü bitki sortlarının yaradılması, onların əkin arealının genişləndirilməsi, ziyanverici və zərərvericilərə qarşı effektiv mübarizə tədbirlərinin təşkili, texnoloji innovasiyaların tətbiqi, əkinlərdə pestisid yükünün azaldılaraq bioloji mübarizə üsullarından istifadənin genişləndirilməsi vacib addımlardır.
Vurğulanıb ki, müasir çağırışlar fonunda fermerlərin məlumatlandırılması, onların zərərvericilərə qarşı mübarizə metodları, ətraf mühitin qorunması haqqında bilik və bacarıqlarının artırılması son dərəcə vacibdir. Xarici ölkələrdən gəlmiş qonaqlar öz ölkələrində bu istiqamətdə həyata keçirilən təcrübələr haqqında məlumat veriblər.
Seminarın sonunda alimlərin birgə qətnaməsi qəbul olunub. Qətnamədə kənd təsərrüfatı sahəsində istehsal proseslərinin təşkili zamanı təbii resursların qorunması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti, torpaqlardan səmərəli istifadənin sertifikatlaşdırılması, əkinçiliyi tənzimləyən hüquqi-normativ aktların qəbulu, zəhərli pestisidlərin əkinlərdə yükünün azaldılması kimi məsələlər öz əksini tapıb.
Seminarın sonunda iştirakçılar Bitki Klinikasının fəaliyyəti ilə tanış olublar. Klinikanın rəhbəri Hüseyn Hüseynov fermerlər üçün metodiki göstərişlərin hazırlanması, xidmətlərin təşkili haqqında geniş məlumat verib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026