Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2019-cu ilin ilk yarımillik nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu ilin I yarısında AKİA tərəfindən 328 fermerə 11.35 milyon manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə ümumi dəyəri 70.7 milyon manat olan 1432 ədəd kənd təsərrüfatı texnikası satılıb.
Sədr əlavə edib ki, texnika alan fermerlərin əvəzindən AKİA tərəfindən təchizatçılara 27.1 milyon manat vəsait subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12.67 milyon manat məbləğində güzəştli kredit ayrılıb: “Deyə bilərik ki, aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb. Əgər ötən ilin sonlarınadək kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı olubsa, hazırda bu təchizatçıların sayı 35-ə çatıb və istənilən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər”.
Agentlik sədri qeyd edib ki, son 1 ildə dövlət güzəşti ilə satılan kənd təsərrüfatı texnikalarının sayı artıb. “Əgər 2018-ci ilin ilk yarımilində 62.8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il bu rəqəm 12% artıq – 70.7 milyon manat təşkil edib. Bildiyiniz kimi, bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi “Aqrolizinq” ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Bu ilin ilk yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıq kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir”, - deyə Mirzə Əliyev vurğulayıb.
AKİA sədri fermer və təchizatçılar arasında aparılan məlumatlandırma işlərinə də toxunub. Qeyd olunub ki, kənd təsərrüfatı texnikasının yeni satış mexanizmi və kredit qaydaları barədə fermerləri məlumatlandırmaq, eləcə də təchizatçılarla fermerlərin birbaşa əlaqəsini təmin etmək məqsədilə silsilə tədbirlər görülüb. Bunlardan 30-dək rayonu əhatə edən və 10 min fermerin qatıldığı 6 texnika yarmarkasını, 8 regionda kredit yarmarkalarını nümunə göstərmək olar. Bundan başqa, AKİA əməkdaşları bank və təchizatçıları yeni qaydalarla tanış etmək məqsədilə 10-a yaxın təqdimat keçirib.
Uzun illər “Aqrolizinq” ASC-dən başqa texnika təchizatçısı tanımayan fermerlərin istədikləri texnikanın axtarışını asanlaşdırmaq məqsədilə AKİA-nın dəstəyi ilə özəl sektor tərəfindən www.aqrotexnika.az saytı hazırlanıb. Bu elan-satış platformasında fermerlər müxtəlif təchizatçıların yerləşdirdiyi texnikalar və onların qiymətləri ilə tanış ola və təchizatçılarla əlaqə saxlaya biləcəklər.
Qeyd edək ki, AKİA öz saytını – www.akia.gov.az saytını da yeniləyərək istifadə üçün daha asan edib.
Tədbirin sonunda Mirzə Əliyev Agentliyin həyata keçirdiyi layihələr barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib
16 Mart 2023
Toxumçuluq, şitilçilik və tingçilik üzrə mütəxəssislər hazırlanacaq
15 Mart 2023
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
14 Mart 2023
“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
11 Mart 2023
“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək
09 Mart 2023