Dövlət Baytarlıq Xidməti tərəfindən 38704 baş təkdırnaqlı heyvanı manqo xəstəliyinə görə diaqnostik müayinəyə cəlb olunub
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti bu ilin 6 ayı ərzində manqoya görə 38704 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə (malleinizasiyaya) cəlb edib. Aparılan müayinələrin nəticəsinə əsasən təkdırnaqlı heyvanlar arasında (atlar və ulaqlar) manqo xəstəliyinə görə yoluxma aşkar edilməyib.
Qeyd edək ki, manqo təkdırnaqlı heyvanların xroniki gedişli infeksion xəstəliyi olub, ağciyərdə, burun boşluğunun selikli qişasında və dəridə irinli yaralara çevrilən spesifik düyünlərin əmələ gəlməsi ilə səciyyələnir.
Xəstəliyə əsasən, təkdırnaqlı heyvanlar həssasdır. Nadir hallarda dəvələr və pişik ailəsinə daxil olan yırtıcı heyvanlar xəstəliyə tutulur. Manqo xəstəliyinə insanlar da həssasdır.
Xəstəliyin inkubasiya dövrü 3 günlə 3 həftə arasında olur. Gedişinə görə iti, xroniki və latent, patoloji prosesin inkişaf yerinə görə isə şərti olaraq burun, ağciyər və dəri formaları mövcuddur.
İti forma zamanı temperaturun yüksəlməsi (41oC-dək yüksəlir), burun və gözün selikli qişasının hiperemiyası, heyvanın ümumi zəifliyi nəzərə çarpır. Xəstəliyin 2-3-cü günündə burnun selikli qişasında xırda sarı rəngli düyünlər əmələ gəlir. Bu düyünlər böyüyərək biri digəri ilə birləşir və nekrotik iltihab baş verir.
Nekrotiki iltihab nəticəsində burun arakəsməsinin zədələnməsi, burundan qanlı-ixarozlu axıntı və tənəffüsün çətinləşməsi görünür. Xəstəlik nəticəsində regionar limfa düyünləri iltihaba uğrayır. Manqonun dəri forması zamanı ən çox baş, boyun, ətrafların dərisi üzərində əvvəlcə ağrılı şişlər əmələ gəlir, sonra bunlar sorulur və yerində bərk qabarcıqlar yaranır. Bir neçə gün keçmiş qabarcıqlar partlayır və yerində irinli yaralar əmələ gəlir. Səthi limfa damarları həcmcə böyüyür, sonra yumşalır və partlayır. Xəstəlik iti formada 2-4 həftə davam edir və çox vaxt ölümlə nəticələnir.
Xəstəliyin xroniki forması zamanı periodik olaraq temperaturun yüksəlməsi, ağciyərin emfizeması, burun axıntısı, öskürək və çənəaltı limfa düyünlərinin böyüməsi görünür. Burun boşluğunun selikli qişasında yaralar və ulduzvari sağalmış yara yerləri nəzərə çarpır. Dəri forması zamanı arxa ətraflarda qalınlaşma nəzərə çarpır, bu da atın ayağını “fil” ayağına bənzədir. Xəstəliyin xroniki forması bir neçə aydan bir neçə ilə qədər davam edir.
Latent (gizli) forma atın bütün ömrü boyu davam edə bilər və spesifik diaqnostika üsulları ilə aşkar edilir.
Atçılıq komplekslərinə və təsərrüfatlarına toplanmış atlar mütləq kliniki müayinədən keçirilməli və göz malleinizasiyası (allergik diaqnostik sınaq) ilə yoxlanmalıdırlar. Təsərrüfata at alınarsa, onlar bir ay karantində saxlanılır, manqoya görə kliniki müayinədən keçirilir və malleinizasiya aparılır.
Təlimata uyğun olaraq təsərrüfatda manqo aşkar edilirsə, oradakı bütün atlar mütləq kliniki müayinədən keçirilməli və 5-6 günlük fasilə ilə 2 dəfə göz malleinizasiyası (oftolmomalleinizasiya) sınağı aparılmalıdır.
Manqo baş verən zaman təsərrüfat qeyri-sağlam hesab edilir və karantin qoyulur. Karantin dövründə atların başqa təsərrüfatlara və sahibkarlara verilməsi, onların qruplaşdırılması qadağan edilir. Kliniki xəstə atlar və kliniki əlamətləri olmayan, lakin malleinizasiya müsbət reaksiya verən heyvanlar öldürülür. Heyvan binaları və onların ətraf sahələrində mexaniki təmizlik və dezinfeksiya aparılır. Xəstə heyvanlara ayrılmış binalardakı peyin, yem qalıqları toplanaraq yandırılır.
Xəstə heyvanda müalicə aparılmır, xəstə heyvanlar zərərsizləşdirilir.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib
29 Dekabr 2024
Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
28 Dekabr 2024
Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb
28 Dekabr 2024
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024