Sentyabrın 29-30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev İsmayıllı, Şəki və Zaqatala rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə işləri, qurulması nəzərdə tutulan \"BTS-1\" (\"BSL-1\") səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olub və təsərrüfat sahibləri ilə görüş keçirib.
Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetləri üçün yaradılan şəraitlə yerində tanış olaraq yeni alınmış laboratoriya avadanlıqlarına, soyuducu kameralara və digər inzibati bölmələrinə baxış keçirib. Xidmət rəisi idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub.
Respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.
Səfər çərçivəsində Şəki rayonunda yerləşən Azərbaycan Sənaye Korporasiyasına (ASK) məxsus heyvandarlıq kompleksinə gələn Xidmət rəisi iribuynuzlu heyvanların saxlama, yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub və dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib.
47 hektar ərazidə yerləşən heyvandarlıq kompleksində görülmüş işlərlə bağlı Xidmət rəisinə məlumat verilib. Bildirilib ki, kompleks 2008-ci ildən yaradılıb. Kompleks südlük istiqamətində inkişaf etdirilir. Heyvanların hamısı Hollandiyadan gətirilən yüksək südlük “Holstein Friesian” cinsinə aiddir.
Kompleksin tərkibinə ferma binaları, pendir sexi, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı, peyin emalı sexi və digər köməkçi sahələr daxildir.
Bayandur Rzayevə kompleksdə südlük məqsədi ilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, kompleksdə istehsal edilən ekoloji təmiz süd və süd məhsulları təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur.
Hal-hazırda kompleksdə 85 nəfər çalışır. Gündəlik 9 ton süd istehsal edilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, məhsuldarlığın artırılması və ərazinin genişləndirilməsi nəzərdə tutulub.
Süd sağımı sexindəki bütün avadanlıq Hollandiyadan gətirilib. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, müayinə edildikdən sonra satışa çıxarılır. Gələcəkdə həmin südlərdən “Gauda” adlı pendir istehsal edilməsi nəzərdə tutulub.
Bayandur Rzayev kompleks əməkdaşlarının müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.
Xidmət rəisi bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.
Xidmət rəisi həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.
Görüşdə Dövlət Xidməti tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.
Aqrar Tədqiqatlar Mərkəzində Doktorantura Proqramı ilə bağlı təqdimat keçirilib
25 Aprel 2025
Nazir müavini Elçin Zeynalov Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub
25 Aprel 2025
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
25 Aprel 2025
Nazir Məcnun Məmmədov və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn görüş keçirilib
25 Aprel 2025
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025