Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Hazırda əkib-becərdiyim şaftalı bağlarını 1990-cı ildə icarəyə götürmüşəm. Bol məhsul yetişdirmişəm. Dövlətimiz şərait yaradıb, biz də bundan istifadə edib bağ salmışıq”. Bu fikirlərin müəllifi Xaçmaz rayonunun Ağtala kəndində yaşayan fermer İslam İsbatovdur.
Uzun illər peşə məktəbində müəllim işləmiş 72 yaşlı İslam İsbatov 20 ildən çoxdur meyvəçilik sahəsində fəaliyyət göstərir. O həm də rayonun qabaqcıl fermerlərindən sayılır. İslam İsbatovun təsərrüfatının yerləşdiyi Ağtala kəndi Nərəcan inzibati ərazi dairəsinə daxildir. Nərəcan və Ağtala kəndlərindəki bağların 90 faizində şaftalı yetişdirilir. Fermerin sözlərinə görə, bu kəndlərdə 1000 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Bağlarda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda məşhurdur.
İslam İsbatov hazırda şaftalı bağlarında məhsul yığımının ən qızğın çağı olduğunu bildirir. Meyvənin indiki qiyməti təsərrüfatçıları qane edir: “Bağa lazımi aqrotexniki qulluq göstəririk. Suvarma, dərmanlama və bu kimi bütün işləri vaxtı-vaxtında görürük. Bol məhsul əldə olunması üçün bütün bunlar vacib şərtdir. Bu işlər olmasa, meyvə zəif olar. Bağın budanmasına da diqqət yetirmək lazımdır. Şaftalı özü-özünü tozlandırır. Hər il də meyvə gətirir. Təsərrüfatımızda “Fədai”, “Qızıl yubiley”, “Elbert” kimi çox yaxşı şaftalı sortları var. Meyvəmiz də yaxşı satılır. Müştəri sarıdan da problemimiz yoxdur”.
Qeyd edək ki, Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək. Ümumilikdə rayonda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il bu bağlardan 20 min tona yaxın şaftalı toplanır. Yetişdirilən şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026