Müşavirədə ölkədə pambıqçılığın inkişafı ilə bağlı nazirliyin qarşısında duran vəzifələr barədə məlumat verilib
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Füzuli rayonunda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, rayon rəhbərliyi, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə pambıqçılığın inkişafına dair Dövlət Proqramı çərçivəsində nazirliyin qarşısında duran vəzifələr barədə danışıb, proqramdan irəli gələn vəzifə və tapşırıqların icra vəziyyəti barədə məlumat verib. Nazir müavini bildirib ki, nazirliyin üzərinə düşən vəzifələrin icrası ilə əlaqədar tədbirlər mütəmadi olaraq davam etdirilir, belə tədbirlərdən biri pambıqçılıq rayonlarında keçirilən müşavirələrdir. Müşavirələrdə müasir becərmə üsulları, pambıq yığımında texnikadan istifadə, mövcud problemlər müzakirə olunur, fermerlərin təklifləri dinlənilir.
Tədbirdə çıxış edən şəxslər pambıqçılığın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Müşavirədən sonra nazirlik rəsmiləri fermer təsərrüfatlarına baş çəkiblər, sahələrdə pambığa aqrotexniki qulluq qaydalarına necə riayət olunması ilə yerindəcə tanış olublar.
Ağdan rayonunda da analoji mövzuda müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir müavini Seyfəddin Talıbov regional aqrokimya laboratoriyalarının yaradılmasının vacibliyinə diqqət çəkib, son illər ərzində 11 belə laboratoriyanın qurulduğunu və ən müasir avadanlıqlarla təchiz olunduğunu xatırladıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov iştirakçılar qarşısında “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda pambığın əhəmiyyəti, Azərbaycanda becərilən pambıq sortları, dondurma şumu, arat, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası, seyrəltmə, kətmənləmə, kultivasiya barədə məlumatlar yer alıb. İmran Cümşüdov fermerləri pambıq əkini zamanı toxum seçiminə diqqətlə yanaşmağa, əkin zamanı növbəlik prinsipinə mütləq əməl etməyə çağırıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov çıxış edərək Füzuli və Ağdam rayonlarında aparılan fitosanitar tədbirlər barəsində, eləcə də bölgədə mövcud olan karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılma arealları, onlara qarşı aparılan mübarizə tədbirlərinin həcmi barədə geniş məlumat verib. Yaxın gələcəkdə respublika ərazisində fitosanitar sabitliyin qorunması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdıran Dövlət Xidmətinin rəisi bu istiqamətdə qarşıda duran problemlərin həlli ilə bağlı perspektiv planları açıqlayıb.
Ələddin Eyvazov eyni zamanda pambıqçılıq rayonlarında pambığın xəstəlik və zərərvericilərinə qarşı müşahidə və mübarizə tədbirlərinin düzgün təşkili, həmçinin kimyəvi mübarizə zamanı texniki təhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə danışıb.
Müşavirədə fermerlərin sualları cavablandırılıb, təkliflər dinlənilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024