Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, gövşəyən heyvanların, əsasən, quzu, toğlu, buzov, dana, balaq və kəlçələrin nazik bağırsaqlarında parazitlik edən və moniezia adlanan yastılı qurdlar tərəfindən törədilən xəstəliklərdən biri də monieziozdur. Fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, heyvanlarında moniezioza yoluxmanın qarşısını almış olarlar.
Qeyd edək ki, monieziozla yoluxma otlaqda oribatid gənələrinin az və ya çox yayılmasından asılıdır. Bu gənələr daimi ot örtüyü olan yarımsəhra tipli otlaqlarda çox olur. Ona görə də moniezioz əsasən bu cür otlaqlarda daha geniş yayılmışdır. Kiçik və Böyük Qafqazın subalp və dağətəyi otlaqlarında, Talış dağları yamaclarında da oribatid gənələrinin çoxalıb artmasına münasib şərait vardır.
Quzular, buzovlar və balaqlar əsasən ferma ətrafı otlaqlarda yoluxurlar. Yoluxma bütün il boyu gedə bilər, noyabr və dekabrda doğulmuş quzular əsasən qış aylarında yoluxurlar. Onların bağırsağında ilk moniezialara yanvar və fevraldan başlayaraq rast gəlinir. Mart və apreldə isə həmin qrup quzularda yoluxmanın ən yüksək zirvəsi qeyd olunur. Fevralda doğulmuş quzularda yüksək yoluxma əsasən aprel və may, mart ayında doğulanlarda isə aprel, may, iyun aylarına düşür. Toğlu və yaşlı qoyunlar quzulara nisbətən zəif yoluxurlar. Lakin onlar digər bağırsaq lentşəkilli qurd xəstəlikləri olan tizaniezioz və avitellinoza da tutulurlar. Tizaniezioz və avitellinoz moniezioza nisbətən az yayılsa da onlara yoluxmuş heyvanlar xəstəliyi çox ağır keçirir. Tələfat da baş verir. Yanvar, mart aylarında doğulmuş buzovlarda monezialar əsasən mart, iyun aylarında qeyd olunur. İyun, avqust aylarında isə onlarda yüksək yoluxma dərəcəsi qeyd olunur.
Monieziozla yoluxmuş cavanlarda köpmə, qarın nahiyəsinin sallanması müşahidə edilir, xəstələr tez-tez su içir, bəzən titrəmə, çırpınma, sinir pozğunluğu və yaxud süstləşmə baş verir. Xəstə quzular arıqlayır, boy inkişafdan qalır, müalicə aparılmadıqda isə xəstələrin bir hissəsi tələf olur.
Yaşlı qoyunlarda ümumi zəiflik, arıqlama müşahidə edilir. Monieziozla xəstələnmiş toğlu və qoyunlarda ümumi narahatlıq, hərəkətin pozulması, titrəmə, dişlərin qıcılması, başlarını döş və qarın nahiyəsinə çevrilməsi və bu kimi sinir pozğunluqları müşahidə edilir və ölüm halları baş verir.
Monieziozla yoluxmanın qarşısını almaq məqsədilə quzu, buzov və balaqlar xüsusi ayrılmış otlaq şəraitində, birillik və çoxillik bitkilər əkilən otlaqlarda otarılmalıdır. Monieziozla xəstələnmənin, moniezia yumurtalari ilə otlaqların çirklənməsinin və yeni yoluxma mənbəyinin qarşısını almaq məqsədi ilə moniezialar bağırsaqda yetkin mərhələyə çatmamış dərmanlanma aparılmalıdır. Bu cür dərmanlama preimaginal dərmanlama adlanır. Preimaginal və imaginal əsaslı profilaktiki və müalicəvi dərmanlamaların aşağıda göstərilən qaydada aparılması tövsiyə olunur:
-noyabr-dekabrda doğulan quzularda fevral, mart, apreldə; yanvar-fevral aylarında doğulan quzularda mart–aprel, mayda; mart-apreldə doğulan quzularda may və iyun aylarında; toğlu və yaşlı qoyunlarda payız və qış aylarında, bir ay fasilə ilə 2 dəfə, əsasən noyabr və yanvar aylarında;
-buzovlarda 1-ci dəfə aprel-mayda, 2-ci dəfə isə birinci dərmanlamadan 1-1,5 ay sonra, əsasən may-iyun aylarında;
-balaqlarda isə 2 dəfə yazda və payızda, əsasən 1 yaşına qədər olan heyvanlarda aparılmalıdır. Əvvəlki ilin payızında doğulan balaqlarda 1-ci dəfə yazda, 2-ci dəfə isə iyun-iyul aylarında, yayda doğulan balaqlarda 1-ci dəfə onlar otlağa buraxılandan 1-1,5 ay sonra, 2-ci dəfə payızın əvvəlində aparılmalıdır.
Hər bir bölgədə, təsərrüfatda epizootoloji göstəricilər əsasında moniezioza qarşı dehelmintizasiyaların aparılması vaxtları və təkrarlanması yerli baytar işçilərinin məsləhəti nəzərə alınmaqla həyata keçirilməlidir.
Heyvanda moniezioz xəstəliyi baş verən zaman heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda monieziozun profilaktika və müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilərsə bu zaman mütləq şəkildə sahə baytarlıq məntəqələrinin baytar həkimlərinə müraciət etsinlər.
Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda moniezioz xəstəliyinə qarşı profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Dekabr 2024
Aqrar İnkişaf Könüllüləri “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nda təltif ediliblər
06 Dekabr 2024
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024