Bu ilin ilk günlərindən başlayaraq Lerikdə heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Lerik Rayon Baytarlıq İdarəsi rayonda 39000 baş iribuynuzlu, 111000 baş xırdabuynuzlu, 265000 baş quş və digər kənd təsərrüfatı heyvanları arasında baytarlıq müalicə-profilaktika tədbirlərini ardıcıl həyata keçirməklə təsərrüfatların epizootoloji sağlamlığının qorunmasını təmin edib. Lerik Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq baytarlıq profilaktika tədbirləri xüsusi karantin məhdudiyyəti tətbiq ediləcək xəstəliklərə qarşı yönəldilməklə, heyvanlar və quşlar arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun həyata keçirir.
Rayonun təsərrüfatlarında yetişdirilən mal-qaraya baytarlıq xidməti Lerik Rayon Baytarlıq İdarəsinin 23 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Rayondakı təsərrüfatları kütləvi tələfata səbəb olan iti infeksion xəstəliklərdən mühafizə etmək məqsədi ilə heyvanların baş sayına uyğun olaraq müxtəlif peyvənd vasitələri verilib və vaksinasiya işləri yerinə yetirilir.
2019-ci ildə təsərrüfatlar üçün ən qorxulu olan qarayara xəstəliyinə qarşı bütün həssas kənd təsərrüfatı heyvanları arasında profilaktiki peyvəndləmə işi başa çatdırılıb. Belə ki, 38998 baş iribuynuzlu, 110464 baş xırdabuynuzlu, 1463 baş tək dırnaqlı heyvan qarayara əleyhinə peyvəndləməyə cəlb edilərək rayonun epizootoloji salamatlığı təmin edilib.
Baytarlıq idarəsinin mütəxəssisləri bu il baytar-sanitariya işlərinin əsasını təşkil edən profilaktiki dezinfeksiya işlərini də gücləndiriblər. Xüsusilə “quş qripi”, iti yoluxucu nodulyar dermatit və digər xəstəliklərə qarşı rayonda və rayona məxsus yataqlarda 8150 kvadratmetr tövlə, küz və digər obyektlərdə profilaktiki dezinfeksiya işləri yerinə yetirilib.
Hazırda Anar Muxtar oğlu Talıbova məxsus 20 başa yaxın iribuynuzlu heyvandarlıq (3-8 aylıq iribuynuzlu heyvanlarda “Brudol S-19” ştammı) və Rizvan Ağabəy oğlu Məliyevə məxsus 210 başlıq qoyunçuluq təsərrüfatında (3-8 aylıq quzularda “REV-1” vaksini ilə) bruselyoz xəstəliyi əleyhinə profilaktiki peyvəndləmə həyata keçirilir.
Ümumiyyətlə, ilin əvvəlindən rayonun təsərrüfatlarında baş verə biləcək bir sıra infeksion və invazion xəstəliklərin qarşısının alınması məqsədilə ardıcıl profilaktik tədbirlər həyata keçirilir. Belə ki, cari ilin müvafiq dövrü ərzində 38941 baş iribuynuzlu, 91274 baş xırdabuynuzlu, heyvanlarda dabaq, 38735 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 194488 baş quşda (“H” ştammı ilə), 248329 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl, 1663 baş iribuynuzlu (S-19 ştammı ilə, 4545 baş xırdabunuzlu heyvanda brusellyoz (Rev-1 vaksini ilə), 2039 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Həmçinin əvvəlindən indiyə kimi rayon baytarlıq idarəsi 158 baş iribuynuzlu heyvanda fassilyoz və diktiokaulyoza, 472 baş xırdabuynuzlu heyvanda isə fassilyoz, diktikaulyoz və moniezioz-tizanozioza görə koproloji müayinələr aparıb.
Lerik rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024