Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “İribuynuzlu heyvandarlıqda baş sayının artırılmasında innovativ üsullar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, DAİM-lərin, dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, iri heyvandarlıq komplekslərinin, fermer təsərrüfatlarının nümayəndələri, o cümlədən fermerlər, zootexniklər və baytar həkimlər, aqrar sahədə təhsil alan tələbələr iştirak ediblər.
İnstitutun direktoru Mahir Hacıyev institutda aparılan işlər, qurulan müasir laboratoriyalar və qarşıda duran hədəflərdən danışıb. Kənd təsərrüfatının ayrılmaz hissəsi olan heyvandarlığın mövcud problemləri fonunda keçirlən konfrans, seminar və təlimlərin əhəmiyyətini vurğulayıb. “Respublikada ilk olaraq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun bazasında 100 başlıq tam müasir standartlara cavab verəcək südlük kompleksi, 1000 başlıq isə qoyunçuluq təsərrüfatı tikilir. 2020-ci ilin sonunda bunlar təhvil veriləcək və yeni cinslərin seleksiyası istiqamətində işlər aparılacaq”- deyə M.Hacıyev bildirib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov kənd təsərrüfatında mövcud qlobal problemlərdən söz açıb:” Mövcud təbii resurlsarımıza qənaət etməliyik, səmərəli innovativ sistemlərə keçidi təmin etməliyik. Eyni zamanda, başqa ölkələrin qabaqcıl təcrübələrini ölkəmizə gətirərək, tətbiq etməliyik. Bu gün aqrar elmin qarşısında duran əsas vəzifə budur. Elmi-tədqiqat mövzuları seçilərkən ilk növbədə qlobal meyllər, qlobal çağırışlar, tələblər, milli ehtiyaclar nəzərə alınmalıdır. Doğru tədqiqat işləri savadlı kadrların gərgin əməyi sayəsində mümkün ola bilər. Bu gün iribuynuzlu heyvandarlıqda baş sayının artırılması yalnız innovativ üsullarla mümkündür.”-deyə İ.Cümşüdov bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova heyvandarlıq sahəsindəki mövcud problemləri vurğulayıb: “Bir sıra işbazlar tərəfindən Ukrayna, Qazaxıstan və digər MDB dövlətlərindən bizim yerli heyvanlardan aşağı məhsuldar heyvanlar gətirilir və dövlət vəsaiti az məhsuldar heyvanlara sərf edilir. Biz bu vəsaiti başqa işlərə sərf edə bilərik. Bu gün damazlıq xarakterli əhəmiyyətli layihələrdən söhbət gedir, bu layihələri öz gücümüzə söykənərək ortaya qoya bilərik. Heyvanların cins tərkibinin yaxşılaşdırlmasında yeni innovativ xarici təcrübələrin tətbiqi vacibdir. Eyni zamanda, mövcud otlaq və örüş sahələrinin azalması damazlıq işinin daha təkmil formada təşkilini tələb edir. Bu məqsədə nail olmaqla gələcəkdə ixrac imkanları da yarana bilər”.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov çıxışında aqrar sahədə olan kadr hazırlığından danışıb. Universitetdə tələbələr üçün yaradılan şərait, qurulan müasir tədris otaqlar, laboratoriyalar, həyata keçirilən yerli və beynəlxalq layihələr, habelə mübadilə və təqaüd proqramlarından bəhs edib O, kadr potensialının formalaşması üçün müəllimlərlə yanaşı böyük şirkətlərin, eləcə də bu sahədə uğur qazanmış fermerlərin tələbələrlə mütəmadi görüşlər keçirmələrinin zəruriliyini vurğulayıb.
Daha sonra Gəncədə yerləşən Türkiyə Respublikasının Baş Konsulluğunun konsulluq işləri üzrə məsul əməkdaşı Emin Hakan Afşar institut rəhbərliyinə və konfrans iştirakçılarına Baş Konsul Zeki Öztürkün salamlarını çatdırıb və konfransın əhəmiyyətli mövzuya həsr edilməsini yüksək qiymətləndirib.
Konfransda “Gilan Daily Farms” MMC Südçülük Kompleksinin rəhbəri Vüsal Abbasov “Cinsiyyəti təyin edilmiş toxumun Holşteyn-Friz cinsli düyələrdə istifadəsinin göstəriciləri” mövzusunda təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Türkiyənin Qars Qafqaz Universitetinin professorları Cihan Kaçar “İnəklərdə sabit zamanlı süni mayalanma prokolları” adlı məruzəsini, Yavuz Öztürkler isə “Südlük istiqamətli inəklərdə süni mayalanma müvəffəqiyyətini artıran strategiyalar” mövzusunda məruzə ilə çıxış ediblər.
Fransanın “EVOLUTION International” şirkətinin İdarə Heyətinin sədri Siril Jos çıxış edərək şirkətin fəaliyyət istiqamətləri və ona daxil olan kooperasiyaların işi haqqında məlumat verib. Gələcəkdə iki ölkə arasında heyvandarlıq sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin qurulacağını diqqətə çatdırıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024