İsmayıllıda üzümçü  fermerlər üçün tarla seminarı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM)  təşkilatçılığı ilə İsmayıllı rayonunda “Dəmyə şəraitində üzüm bağlarının becərilmə texnologiyası, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları”  mövzusunda tarla seminarı keçirilib. Seminarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, elmi işçilər və fermerlər iştirak ediblər.

Seminarın əsas məqsədi İsmayıllı rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərə becərmə texnologiyaları, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsi barədə məlumat verməkdir.

İnstitutun mütəxəssisləri tərəfindən İsmayıllı  rayonunda üzümlüklərdə hazırda mövcud vəziyyət araşdırılıb. Aparılan təhlillər nəticəsində məlum olub ki, bəzi dəmyə (suvarılmayan) şəraitində yetişdirilən üzümlüklərdə risklər və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri nəzərə alınmır. Üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, yaşıl əməliyyatlar, yarpaq alma, optimal yarpaq sahəsinin saxlanılması, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə, çiçək, salxım və gilə seyrəltmə tədbirləri vaxtlı-vaxtında və düzgün həyata keçirilmir. Nəticədə zoğların boy gücü və yetişmə dərəcəsi həddən artıq zəifləyir və qida çatışmazlığından saralmalar, çiçəklərin həddən artıq tökülməsi, gilələrin noxudlaşması baş verir. Bu da öz növbəsində məhsuldarlıq və məhsulun keyfiyyətini aşağı salır.

Seminarda çıxış edən institutun direktoru Vüqar Səlimov bildirib ki, son dövrlərdə qlobal iqlim dəyişikliyi fonunda baş verən quraqlıq, yağıntıların həddindən artıq azalması və vegetasiya müddəti ərzində yağıntıların qeyri-bərabər paylanması üzümün becərilməsində çətinliklər yaradır. Qeyd olunub ki, İsmayıllı rayonunda üzümlüklər əsasən dəmyə şəraitdə yetişdirildiyindən burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və digər əməliyyatlar vacib rol oynayır. Belə şəraitdə tənəkarası frez torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Seminar zamanı yeni tip “Tənəkarası (ağacarası) becərən hidravlik frez” aqreqatının tarla şəraitində iş prinsipi nümayiş etdirilib.

İnstitut və DAİM əməkdaşları fermer təsərrüfatlarına baxış keçirib. Məlum olub ki, üzümlüklərdə quru budama və yaşıl əməliyyatlar düzgün aparılmır.  Eyni zamanda, xəstəlik və zərərvericilərin diaqnostikasında və onlara qarşı mübarizədə müəyyən çətinliklər mövcuddur. Bunları nəzərə alaraq təsərrüfatlarla institut arasında əməkdaşlıq şəraitində çətinliklərin həlli məqsədilə belə tədbirlərin davam etdirilməsi qərara alınıb.

Tədbirin sonunda fermerlərə ÜŞETİ tərəfindən hazırlanan və üzümçülükdə budama, aqrotexniki qulluq işlərini, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərini əks etdirən broşurlar,  buklet və informasiya vərəqələri paylanıb.