Bu gün Şəki şəhərində kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında tütünçülük və baramaçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr\"ə həsr olunmuş respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Sənaye Korporasiyasının rəhbər şəxsləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tütün və barama emalı müəssisələrinin təmsilçiləri, həmçinin 26 rayondan tütünçülük və baramaçılıqla məşğul olan 209 fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətini başçısı Elxan Usubov müşavirə iştirakçılarını salamlayıb. O bildirib ki, tütünçülük və baramaçılıq bu bölgədə ən qədim məşğuluyyət növlərindən biri olub: “Görülən tədbirlər nəticəsində bu sahədə dönüş yaranıb. Son illər dövlətin diqqət və qayğısı nəticəsində digər regionlarda olduğu kimi Şəkidə də tütünçülük və baramaçılıq inkişaf etməkdədir. Şəkidə tütün əkilən sahələri genişlənib ki, bu da istehsalın artmasına səbəb olub”.
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib: “Digər sahələr kimi aqrar sahənin inkişafı da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olan məsələdir. Cənab Prezident tərəfindən qarşımıza qoyulan məqsədlərdən biri aqrar sahədə məhsuldarlığı artırmaqdır. Ölkədə tütünçülük və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi dövlətin bu sahəyə diqqətini göstərir. 2017-ci il ilə müqayisədə ötən il tütün əkin sahələri artıb, istehsal olunan tütünün həcmi artıb, hər hektara düşən məhsuldarlıq yüksəlib. Bu il tütün əkin sahələrinin daha da çox olacağı gözlənilir. Tütün əkini üçün tələb olunan mineral gübrə ilə təminat həyata keçirilib, aqrotexniki qaydalara uyğun tədbirlər görülüb”.
Nazir İnam Kərimov qeyd edib ki, Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Baramaçılığın inkişafı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verib. Dövlət Proqramında yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluq zavodlarının, baramanın ilkin emalı üçün qurutma məntəqələrinin yaradılması nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr”, “Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyev “Tütün qəbulu və emalının təşkili”, Kənd Təsərrüfatı Nazirliyinin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Tut ipəkqurdu toxumçuluğunun və tut tingçiliyinin mövcud vəziyyəti”, Azərbaycan Sənaye Korporasiyasının Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov “Tütün və barama emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün görülən işlər”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili”, “Şəki İpək” MMC-nin direktoru Nizami Qəribov “Barama emalının mövcud vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış ediblər. Müşavirədə Zaqatala rayonundan tütünçü fermer Akif Kələşov və Zərdab rayonundan kümçü fermer Surxay Xəlilov məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə şitil, toxum, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024