Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçaya səfəri çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə narçılıq sahəsində mövcud vəziyyətə dair onlayn videokonfrans keçirib. Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən videokonfransa assosiasiya üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin təmsilçiləri, Göyçay, Ağsu, Saatlı, Sabirabad, Hacıqabul, İmişli və Kürdəmirdə narçılıqla məşğul olan fermerlər qatılıblar.
Kənd Təsərrüfatı naziri İnam Kərimov videokonfransda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığını artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış assosiasiyalar, emal müəssisələri və fermerlərlə müxtəlif formatlı görüşlər keçirir. Nazir nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki, hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır.
Görüşdə yaxın günlərdə ölkədə kütləvi nar yığımına başlanacağı xatırladılıb, məhsulun realizə imkanları, ixrac prosesinin təşkili, intensiv nar sahələrinin genişləndirilməsi, bağlarda tətbiq olunan dərman preparatlarının keyfiyyəti, havaların quraq keçməsi ilə əlaqədar yaranan çətinliklərin məhsulun keyfiyyətinə təsiri, nar məhsullarının qablaşdırılması, brendləşmə, emalı, nar tingçiliyinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırda nar məhsullarının daxili və xarici bazarlarda satışı ilə bağlı problem yoxdur, məhsullara tələbat böyükdür. İştirakçılar qeyd edib ki, ənənəvi ixrac bazarlarında Azərbaycan narının xüsusi çəkisini artırmaq, rəqabətədavamlı məhsul yetişdirmək üçün mövcud keyfiyyət göstəricilərinin artırılması və məhsuldarlığın yüksəldilməsi vacibdir. Yerli nar istehsalçıları arasında münasibətlərin sağlam rəqabət və əməkdaşlıq prinsipləri üzərində qurulması müsbət hal kimi dəyərləndirilib. Yeni bağların salınması, xəstəlik və zərərvericilərə qarşı mübarizə, aqrotexniki qulluq qaydalarının düzgün həyata keçirilməsi prosesində nazirlik, assosiasiya və fermerlər əməkdaşlıq edir. Görüşdə fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsi, maarifləndirmə işinin genişləndirilməsi üçün görülən işlər müzakirə olunub, səsləndirilən təkliflər qeydə alınıb.
Videokonfrans iştirakçıları Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bu cür formatda müzakirələrin ənənəvi xarakter daşımasından razı qaldıqlarını bildirib, səsləndirilən təkliflərin reallaşması istiqamətində atılan addımların müsbət qiymətləndiriblər.
Qeyd edək ki, Azərbaycanda narçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Hazırda ölkədə nar bağlarının əkin sahəsi 22,9 min hektara çatıb. Mövcud nar bağlarının 21,1 min hektarı bar verən yaşdadır. Nar bağlarının 56 faizi Göyçay, Kürdəmir, Ağsu, Ucar və Sabirabad rayonlarının payına düşür. Ötən il nar bağlarında orta məhsuldarlıq 85,6 sentner təşkil edib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024