Elektron Hökumətin İnkişafı Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən tədbirlər sırasında cari ildə ilk olaraq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın həyata keçirilməsinə başlanılıb. Yanvarın 5-dən 20-dək proqrama qəbul elan olunub.
Şəbnəm Məmmədova aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, bu layihədən sonra “Gələcəyin fermeri” layihəsinin həyata keçiriləcəyini də diqqətə çatdırıb.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmləri haqqında danışıb. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən proqram aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq: “Layihə daha çox kənd təsərrüfatı sahəsində öz ideyası və müxtəlif təşəbbüsləri olan əsasən innovativ tərkibli layihələri dəstəkləmək məqsədi daşıyır. Üç aylıq bir proqramdır. Burada əsas məqsəd Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən innovativ layihələrə startapların dəstəyini əlavə etməkdir. Seçimlər yanvarın 21-də yekunlaşacaq. Proqrama təxminən 30-40 müraciətin olacağı gözlənilir. Onlar arasından isə 5 komanda seçiləcək. Seçilən beş startap investorların qarşısına çıxarılacaq. Xarici investorları da bu işə cəlb etməyi düşünürük”.
Tədbir tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam etdirilib.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026