Kənd təsərrüfatında innovasiyanın təşviqi, müasir texnologiyalardan istifadə etməklə həm məhsuldarlığın, həm də keyfiyyətin yüksəldilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha bir uğurlu layihənin icrasına start verilib. Belə ki, arıçılıqda məhsuldarlığın artırılması və belə təsərrüfatlarda müasir texnologiyalardan geniş istifadənin təşviqi məqsədilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”i çərçivəsində fermerlərə alınacaq səyyar arı pavilyonlarının quraşdırılması nəticəsində məhsuldarlığın 2 dəfəyədək artırılması gözlənilir.
Xaçmaz rayonunda həyata keçiriləcək dəyər zənciri layihəsi çərçivəsində yerli fermerlərlə birgə tətbiq ediləcək yeni innovativ metodlar nəticəsində hər arı yeşiyindən 15 kiloqram əvəzinə 28 kiloqram bal alınması gözlənilir. GPS tərəzilərlə təmin edilmiş fermerlər ərazilərin məhsuldarlığına nəzarət edə bilməklə yanaşı, ehtiyac olduğu təqdirdə, bal istehsalı zamanı qarşıya çıxa biləcək problemlərə operativ müdaxilə etməklə məhsuldarlığın və keyfiyyətin aşağı düşməsinin qarşısını ala biləcəklər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə APİAZ MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən istehsalçı-emalçı tərəfdaşlığı əsasında qurulan “Xaçmazda müasir üsulla bal istehsalı və emalı“ dəyər zənciri layihəsinin həyata keçirilməsi nəticəsində şirkət ətrafda yerləşən bir qrup arıçılıq təsərrüfatlarından əldə edəcəyi balı müasir üsullarla emal edib, qablaşdırıb satışını təşkil edərək hazır məhsulun daxili və xarici bazara çıxışını təmin edəcək. Layihənin maliyyə dəstəyi ilə şirkətin Xudat şəhərində fəaliyyət göstərən bal emalı və qablaşdırılması müəssisəsinin müasirləşdirilməsi Quba, Xaçmaz, Yevlax, Bərdə və Zaqatala rayonlarından olan fermerlərin məhsullarının qəbul edilərək daha keyfiyyətli şəkildə emal və qablaşdırılmasına imkan yaradacaq. Müasir texnologiyaların tətbiqi yüksək keyfiyyətli bal əldə etməyə imkan verməklə yanaşı, məhsuldarlığın artmasına, maya dəyərinin aşağı düşməsinə və beləliklə, istehsal edilmiş məhsulların daxili və xarici bazarda daha rəqabətqabiliyyətli səviyyəyə çatmasına imkan yaradacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024