“Azərbaycanda kənd təsərrüfatı sahəsində məşğul əhalinin 55.8 faizini qadınlar təşkil edir. Lakin aqrar biznes sahibi olan qadınlarımızın sayı çox azdır. Bu gün bizim əsas məqsədlərimizdən biri də aqrar sahədə çalışan sahibkar qadınların sayının artmasıdır. Buna nail olmaq üçün biz kənd təsərrüfatının istənilən sahəsində qadın təşəbbüslərini dəstəkləyirik”. Bu fikirləri Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Masallı rayonunun Çaxırlı kəndində fəaliyyət göstərən “Cənub” Qadın İnkişaf Qrupunun təndir evinin açılışında bildirib.
“Kənd yerlərində məşğulluğun artırılması məqsədi ilə başladığımız ilk addımlarda qadınlar şirniyyat evi, təndir, xalça toxuma sexi, inkubator kimi nəticəsini tez görə biləcəkləri bizneslərə maraq göstərsələr də, getdikcə, kənd təsərrüfatının pambıqçılıq, bağçılıq, tərəvəzçilik, xüsusilə də, istixanalarda tərəvəz yetişdirilməsi kimi sahələrində özlərini sahibkar kimi sınamağa başlayıblar. Məsələn, hazırda bizim 3 qadın qrupu hər biri 10 hektar sahəni pambıq becərilməsi üçün arata qoyub” deyə AKİA sədri əlavə edib.
Mirzə Əliyev 2018-ci ilin martından əsası qoyulan qadın qruplarının sayının indi 14 rayonda 28-ə çatdığını və 335 qadını birləşdirdiyini deyib: “Bu qruplardakı qadınların fəaliyyəti və entuziazmı Aqrar Məşğulluğun Artırılması Layihəsi ideyasının yaranmasında xüsusi rol oynayıb. AMAL layihəsinə qoşulan gənclərin qısa müddət ərzində, planlı şəkildə özlərinə 17 biznes qurmuş bu kənd qadınlarının nümunəsindən faydalanacağına əminik”.
Çaxırlı kəndindəki təndir evinin açılışına Böyük Britaniya səfirliyinin nümayəndəsi də qatılıb. Qadınlar qonaqları təndir evi ilə tanış edərək bildiriblər ki, “CƏNUB” Qadın İnkişaf Qrupu 11 kənd qadınının bir araya gəlməsi ilə yaranıb. Qrup üzvlərinə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində “Biznesin İnkişafı və İdarə Edilməsi”, “Qadın İnkişaf Qrupları üçün mikro müəssisənin təşkili və idarə edilməsi“ və tibbi mövzuda təlimlər verilib.
Hal-hazırda qrup öz biznes müəssisəsini 4 təndir, 1 kürə və şirniyyat bişirmək üçün aldığı avadanlıqlarla genişləndirərək, Cənub çörəyi, ləvəngi və Cənub zonasına xas olan müxtəlif milli şirniyyatların hazırlanması və satışı ilə məşğuldur. Onların bişirdiyi çörək, ləvəngi və digər şirniyyatlar şadlıq saraylarına, marketlərə, məktəbə və kənd sakinlərinə satılır.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026