Kənd təsərrüfatı naziri İnam Kərimov vakant dövlət qulluğu vəzifəsinə qəbulda uğurlu nəticə göstərmiş, Nazirliyin Mərkəzi Aparatında və DAİM-lərdə işlə təmin olunmuş bir qrup əməkdaşla görüşüb. Nazir üç ay əvvəl Dövlət İmtahan Mərkəzində keçirilmiş imtahanların müsabiqə və müsahibə mərhələsində müvafiq bal toplamış namizədlərin artıq işə qəbul edildiyini deyib. Nazirliyin yeni əməkdaşlarına uğurlar diləyən İnam Kərimov bildirib ki, artıq Azərbaycanda kənd təsərrüfatı innovativ sahəyə çevrilir: “Cənab Prezident həmişə gənc kadrların işlə təmin olunmasına dəstək verir. Prezidentin bizim qarşımızda qoyduğu vəzifələrdən biri gənclərə dəstək olmaq, gənc və peşəkar kadrların dövlət strukturlarında işlə təminatına şərait yaratmaqdır. Siz artıq nazirliyin Mərkəzi Aparatında, Dövlət Aqrar İnkişaf Mərkəzlərində işləyəcəksiniz, fermerlərlə daim təmasda olacaqsınız. Fəaliyyətiniz nazirliyimizin iş prinsiplərinə - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə uyğun şəkildə qurulmalıdır. Aparılan struktur islahatlarının mahiyyəti fermerlərə yaxınlığı təmin etmək, onlara daha yaxşı xidmət göstərməkdir. Siz fəaliyyətinizdə bu məqamı mütləq nəzərə almalısınız”.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Elvin Paşayev vakant dövlət qulluğuna müsabiqə və müsahibədə iştirak edərək yüksək nəticə göstərən kadrlar arasında gənclərin çoxluq təşkil etdiyini deyib. O bildirib ki, imtahanlarda uğurlu nəticə göstərənlər nazirlik strukturuna daxil olan qurumlarda və Dövlət Aqrar İnkişaf Mərkəzlərində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrinə təyinat alıblar.
Nazir İnam Kərimov görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar diləyib. Nazir bildirib ki, yaxın zamanlarda Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati vakant dövlət qulluğu vəzifələrinə növbəti elan veriləcək və təxminən 250-dən artıq vakant vəzifə müsabiqəyə çıxarılacaq.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026