Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun təşkilatçılığı ilə Ağdaş rayonunda “Yem istehsalında mövcud problemlər və perspektivlər” mövzusunda elmi-praktiki seminar keçirilib. Birbaşa istehsal sahəsində - Ağdaş rayonundakı yem emalı zavodunda baş tutmuş tədbirdə heyvandar fermerlər, sahə ilə bağlı olan mütəxəssislər, elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də özəl və dövlət sektorunun nümayəndələri iştirak ediblər.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, özəl sektorla güclü elmi-iqtisadi əlaqələr qurularaq ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində hədəflərin həyata keçirilməsi planlaşdırılır.
Seminarın praktik hissəsi Ağdaş yem zavodunun istehsalat sahəsində və Qəbələ rayonunda fəaliyyət göstərən müasir heyvandarlıq kompleksində davam etdirilib. Yem istehsalının texnoloji prosesi yaxından izlənilib, ölkədə yem bitkilərinin əkin istiqamətinin gücləndirilməsi müzakirə olunub, cins heyvanların bəslənmə qaydaları, rasionların düzgün təşkili istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri direktor müavini Atif Zamanov qaba yem istehsalında yonca bitkisinin əhəmiyyəti, “Otlaq və biçənəklər“ şöbəsinin müdiri Rasib Zeynalov əsas yem bitkiləri, onların becərilməsi və yemlik əhəmiyyəti, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva yem istehsalında mövcud çətinliklər və aradan qaldırılması yolları, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının kiçik elmi işçisi İmarət Əsgərli isə ölkədə yem bazasının gücləndirilməsi yolları ilə bağlı apardıqları araşdırmaları fermerlərin diqqətinə çatdırıblar. Müzakirələrdə seleksiyanın elmi əsaslarını inkişaf etdirməklə mədəni və təbii floranın genetik ehtiyatları əsasında yüksək məhsuldar və stres amillərə davamlı yeni yem bitki sortlarının yaradılması, yeni nəslin toxumlarının davamlı istehsalı üçün adaptiv resurs qənaət sistemlərinin inkişaf etdirilməsi, əkinçilik mədəniyyətinin yüksəldilməsi, yem istesalının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yüksək məhsuldar bitki və sortların istifadəsi ilə yem əkin sahələrinin məhsuldarlığının artırılması ilə bağlı təkliflər səsləndirilib.
Müzakirə çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Qəbələ Aqrokompleks arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Mahir Hacıyev və Sübhan Dadaşov arasında imzalanmış sənədə əsasən, müəssisələr damazlıq-seleksiya işlərinin birgə təşkili istiqamətində sıx fəaliyyət göstərəcəklər.
Tədbirin sonunda əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı müzakirələrə digər istehsal müəssisələrin cəlb edilməsi ilə görüşlərin təşkili barədə qərar qəbul edilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024