Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri də pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci nəslinə qarşı mübarizə tədbirləri yekunlaşıb, ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb.
Qeyd edək ki, fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən aparılan müşahidələrə əsasən pambıq sovkasının ikinci nəslinə qarşı Ağdam rayonunda 600 hektar, Ağcabədi rayonunda 800 hektar, Bərdə rayonunda 600 hektar, Beyləqan rayonunda 1000 hektar, Tərtər rayonunda 250 hektar, İmişli rayonunda 680 hektar, Ağsu rayonunda 150 hektar, Kürdəmir rayonunda 700 hektar, Sabirabad rayonunda 600 hektar, Saatlı rayonunda 200 hektar, Biləsuvar rayonunda 260 hektar, Cəlilabad rayonunda 40 hektar, Goranboy rayonunda 100 hektar, Hacıqabul rayonunda 100 hektar, Ucar rayonunda 10 hektar, Evlax rayonunda 110 hektar, Zərdab rayonunda 350 hektar, Füzulu rayonunda 25 hektar, Hacıqabul rayonunda 110 hektar, ümumilikdə 6685 hektar sahədə bioloji mübarizə üsulu həyata keçirilib.
Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Abşeron rayonlararası bioloji laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Buna görə də çoxaldıldığı laboratoriyanın temperatur və rütubət şəraiti təbiətdəkinə uyğunlaşdırılıb.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur.
Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.
Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bu prosesdən gözlənilən nəticə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılması, məhsulun maya dəyərinin aşağı salınması, keyfiyyətli və təhlükəsiz məhsulun əldə olunmasıdır.
Aqrar Sığorta Fondu müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulu elan edir
22 Aprel 2025
Nazir Məcnun Məmmədov Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub
21 Aprel 2025
Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna 76 müraciət daxil olub
21 Aprel 2025
Nazir Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
18 Aprel 2025
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün Bakıda və Naxçıvanda imtahanlar keçirilib
17 Aprel 2025