Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS), habelə onun altsistemlərinin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Əsasnaməyə əsasən aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün formalaşdırılan EKTİS-in fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təmin edir.
Əsasnaməyə görə, EKTİS kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsini və bu məqsədlə informasiyanın yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.
Bundan başqa, EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə həyata keçirilir.
EKTİS-də toplanılmış fərdi məlumatların işlənilmə məqsədi kənd təsərrüfatı sahəsində fermerlərə effektiv xidmətlərin göstərilməsidir. Fərdi məlumatların EKTİS-də toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
EKTİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
EKTİS-də həyata keçirilən elektron xidmətlərə görə ödəniş “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yol hərəkəti haqqında”, “Toxumçuluq haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin elektron xidmətlərə görə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən olunur.
Daha ətraflı: https://president.az/articles/35330
https://president.az/articles/35334
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024