- Pərviz müəllim, Aqrar Tədqiqatlar Mərkəzi hansı istiqamətlərdə fəaliyyət göstərəcək?
- 2018-ci ilin ikinci yarımilliyində dövlət başçısının müvafiq fərmanı ilə yaradılmış Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin əsas məqsədi aqrar sahə ilə bağlı məlumatların toplanması, təhlili, habelə ən müasir analitik vasitələrdən istifadə edərək kənd təsərrüfatı fəaliyyətinin proqnozlaşdırılması və modelləşdirilməsidir. Bu zaman əsas diqqət kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların, müasir data-təhlili metodlarının, o cümlədən proqramlaşdırma vasitələrinin tətbiqi sayəsində mövcud məlumatların daha effektiv təhlili və rasional qərarların qəbul edilməsi üzərində cəmlənib. Mən İqtisadi Təhlil və Proqnozlaşdırma departamentində çalışıram, departamentin əsas fəaliyyət istiqamətləri isə aqrar fəaliyyətlə bağlı statistik məlumatların toplanması, işlənməsi, təhlili və yekun hesabatların hazırlanması, həmçinin mövcud trendlərin nəzərə alınması ilə aqrar sahənin ayrı-ayrı aspektlərinin proqnozlaşdırılmasından ibarətdir. İqtisadi Təhlil və Proqnozlaşdırma departamenti öz fəaliyyətini bitkiçiliyin təhlili, heyvandarlığın təhlili və kənd təsərrüfatı məhsullarının emalının müqayisəli təhlili üzərində qurub.
- Hər üç istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir...
- Bitkiçilik sahəsində ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, qlobal trendlərin müəyyən olunması, yerli bazarda mövcud vəziyyətin dəyərləndirilməsi, habelə ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə dəyər zəncirinin təhlili, gübrə və pestisidlərdən istifadə səviyyəsinin qiymətləndirilməsi, məhsulların ixrac potensialının artırılması istiqamətində təhlillərin aparılması, həmçinin kənd təsərrüfatı məhsullarının daxili bazarda qiymətlərinin tənzimlənməsi və s. kimi fəaliyyətləri qeyd edə bilərik. Heyvandarlıq sahəsində statistik məlumatların toplanması və təhlili, intensiv maldarlığın inkişaf etdirilməsi məqsədilə dövlət proqramının hazırlanması, bu məqsədlə yerli heyvan cinslərinin istehsal göstəricilərinin (süd verimi, ət verimi, yem bazası, təbii artım və s.) təhlili, habelə xarici ölkələrin təcrübələrinin öyrənilməsi və s. istiqamətlərdə təhlillər aparılır. Bundan başqa kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı iqtisadi fəaliyyət də ATM-nin xüsusi diqqət mərkəzindədir. Belə ki, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı məsələlər əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməsinə baxmayaraq, aqrar sahənin təhlili ilə bağlı fəaliyyətin tamlığının təmin olunması məqsədilə emal sahəsi artıq bizim tədqiqat obyektimizdir.
- Təbii ki, fəaliyyətinizdə yeniliklərin tətbiqi önəmli yer tutur...
- İqtisadi Təhlil və Proqnozlaşdırma departamenti, mən deyərdim ki, nəinki ölkəmizdə, hətta bütövlükdə Qafqaz regionunda ilk dəfə Avropa Birliyinin təcrübəsinə istinad edərək Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi (FTMMS) üzrə sorğuların təşkilini həyata keçirir. Bu sorğunun məqsədi kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin iqtisadi səmərəliliyini qiymətləndirilməkdən ibarətdir. Buraya monitorinqi aparılan fermerin istehsal etdiyi kənd təsərrüfatı məhsulları, istehsal və məhsuldarlıq göstəriciləri, xammal və xidmətlər üzrə xərcləri, mənfəəti, məşğulluq vəziyyəti, habelə heyvandarlıq sahəsi üzrə iqtisadi göstəricilər və s. daxildir. Bu layihə çərçivəsində aparılmış monitrinqlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyində artıq üç ilin (2015-2017) məlumat bazası formalaşmışdır.
- Fermerlərə hansı məhsulların becərilməsinin daha effektiv ola biləcəyi barədə tövsiyələr veriləcəkmi?
- Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də hər il növbəti il üçün planlaşdırılan əkin sahələrinin ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə hesabatının hazırlanmasından ibarətdir. Bu hesabatın hazırlanması kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı yarana biləcək problemlərin aradan qaldırılmasına, məhsul balansının, habelə daxili bazarda qiymətlərin tənzimlənməsinə xidmət edir. Qeyd edək ki, hazırlanmış hesabat tövsiyə xarakteri daşıyır və heç bir halda kənd təsərrüfatı istehsalçılarının müstəqil fəaliyyətinə müdaxilə məqsədi güdmür.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024