Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan piroplazmozu törədən gənələrin aktivləşməsi başlayır. Fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar piroplazmoz xəstəliyinin qarşısını almaq üçün aşağıda qeyd olunan məsləhətlərə əməl edərlərsə, xəstəliyin qarşısını almış olarlar.
Qeyd edək ki, qaramalın piroplazmozu qan parazitlərinin törətdiyi və yüksək temperaturla davam edən invazion xəstəlikdir. Azərbaycanda bu xəstəliyə Böyük Qafqazın ətəklərində, Kür qırağının meşə və düzənliklərində, xüsusilə ölkəmizin Aran zonasında, Naxçıvan MR-də, Cənub zonasında və digər yerlərdə təsadüf edilir.
Əsas keçirici olan gənələr ən çox yaz, yay və payız aylarında xəstəliyin baş verməsinə səbəb olur. Bu aylarda gənələrin artımı üçün daha əlverişli şərait yaranır və ən şiddətli yoluxma qeydə alınır. Gənələr əsasən şumlanmamış kolluq, meşəlik, bataqlıq və başqa rütubətli yerlərdə əmələ gəlir. Respublikamızın dəniz səviyyəsindən 900—1200 m hündür yerlərində bu xəstəliyə təsadüf olunmur.
Piroplazmoz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və 3 gündən 12 günə qədər bu vəziyyətdə qalır. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, az müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş heyvanlar tez yorulur, südü azalır. Bəzi hallarda südün rəngi (sarımtıl rəng alır) və dadı (acı olur) dəyişmiş olur.
Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selikli qişalar sarı rəngə boyanır. Qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu çoxalır. Xəstə heyvan ayaq üstə dayana bilmir, inilti ilə nəfəs alır, qulaqları sallanır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2°C aşağı düşür, gözləri çökür. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5-6 gün müddətində tələf olur.
Xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Profilaktika məqsədilə həssas heyvanlar hər 6-7 gündən bir akarisid (baytar həkiminin təyinatı ilə) məhlullarla çimizdirilməli və heyvan saxlanılan binalar dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin inkişafına mane olur.
Kimyəvi profilaktika məqsədilə heyvana müalicə dozasında 10—14 gündən bir dəri altına parazitotrop dərman preparatı (baytar həkiminin təyinatı ilə) vurulur.
Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezinseksiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aparılmalıdır.
Gənələrlə mübarizə məqsədilə aqromeliorativ tədbirlər və növbəli otarma sahələri mühüm rol oynayır.
Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda piroplazmozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da qeyd edək ki, son illər sahibkarlar tərəfindən baytar həkiminə müraciət etmədən piroplazmoza qarşı aparılan tədbirlər nəticəsində heyvanlar arasında kütləvi zəhərlənmə və ölüm hallar baş verib. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən piroplazmoza qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024