Qax rayonunun Turaclı kəndində yeni yaradılmış kooperativin açılış mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd icra nümayəndəlikləri, bələdiyyə üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, ölkədə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə mühüm islahatlar aparılıb. İcra başçısı qeyd edib ki, bu islahatların davamı olaraq dövlət başçısının tapşırıqlarına əsasən fermerlərin üzləşdiyi çətinliklərin həlli üçün qanunvericilik bazası formalaşdırılıb ki, bu da kooperativlərin təsisi üçün hüquqi zəmin yaradıb. Musa Şəkiliyev əlavə edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin gördüyü tədbirlər nəticəsində Qaxda sayca üçüncü olan kooperativ yaradılıb.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Bilirsiniz ki, fındıqçılığın ölkədə aqrar sahənin inkişafında xüsusi rolu var. Bu baxımdan Qaxda fındıqçılıq sahəsi üzrə kooperativin yaradılması çox əlamətdar hadisədir. Bu, Azərbaycanın şimal regionunda yaradılan ilk kooperativdir. Kooperativin yaradılması aqrar sektorun inkişafı üçün çox vacibdir. Kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərcləri azaldığından istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə və daha çox gəlir əldə etməsinə imkan verir. Dövlət tərəfindən hər bir fermerə xüsusi diqqət və qayğının göstərilməsi hər kəsə məlumdur. Kooperativ təsis olunanda isə dövlət fermerlərlə daha asan işləyə bilir. Məhz bu baxımından kooperativlər həm fermer, həm də dövlət üçün əlverişli əməkdaşlıq platformasıdır”.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov Qax rayonunun Turaclı kəndinin sakinlərinə məxsus fındıq bağlarının ərazisində yaradılan “Ata-Baba Fındıq İstehsalı” kooperativi haqqında məlumat verib. Bildirib ki, kooperativdə 96 ailə öz pay torpaqlarını birləşdirib. Yeni könüllülük təsisatında ümumilikdə 480 nəfər iştirak edir. Kooperativ üzvlərindən 229 nəfəri kişi, 251 nəfəri isə qadındır. Kooperativdə birləşdirilən torpaq sahələrinin ümumi ərazisi 350 hektardır.
Tədbirdə “Ata-Baba Fındıq İstehsal” kooperativinin sədri Azər Əliyev, fermer Nəcəf Mirzəyev fındıqçılığın inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.
Təqdimat mərasimində mineral gübrələr, dərmanlar, suvarma və texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.
Qeyd edək ki, bundan əvvəl Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kəndlərinin sakinləri “Birlik İstehsal Kopperativi”, Axısxa kəndinin sakinləri isə “Axısxalılar Toxum İstehsal Kooperativi” təsis ediblər.
Pay torpaqlarını birləşdirərək kooperativlərin təsis edilməsi “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun həyata keçirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024