• Ana səhifə
  • Xəbərlər
  • Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə

Morfologiyası:

Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq rəngli və tünd rəngli ləkələrin növbələşməsi vizual mərmər şəklini yaradır ki, bağacığın adı buradan qəbul edilmişdir.

Biologiyası:

Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Beləliklə, bir evdə bir neçə min bağacıq yığıla bilər. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk etdikdən sonra 1–2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurtaqoyma yerinə yetirirlər. Yumurtalarını 1,3 – 1,6 mm ölçüdə yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar. 2 həftədən sonra yumurtalardan sürfələr çıxır və 5 yaş mərhələsi keçirirlər. Sürfələrin ölçüləri I yaşda 2,4 mm-ə yaxın, II yaşda 3,7 mm-ə yaxın, III yaşda 5,5 mm-ə yaxın, IV yaşda 8,5 mm-ə yaxın, V yaşda 12 mm-ə yaxın olur.

Yetkin fərd:

Tipik qalxanlılara aid bağacıqdır. Bədənin uzunluğu 12-17 mm-dir. Bədəni azacıq qabarıq, oval formalı qalxana bənzəyir. Bədənin yuxarı hissəsi qəhvəyəçalar, aşağı hissəsi isə bəzən boz və ya qara ləkəli ağımtıl və ya solğun-qəhvəyi rəngdə olur. Qəhvəyi mərmər bağacığı rəngindən başqa digər oxşar növ bağacıqlarda (Brochymena, Euschistus) rast gəlinməyən bığcıqlarında səciyyəvi nəzərə çarpan açıq rəngli halqaların olması ilə fərqlənir. Ayaqları da eynilə bığcıqlarda olduğu kimi açıq rəngli zolaqlı halqalarla haşiyələnmiş qəhvəyi rəngdədir. Bığcıqları 5 buğumludur.

Yayılması yolları:

Əsasən əkin materialları, meyvələr və digər bitki məhsulları ilə, daha uzaq məsafələrə isə nəqliyyat vasitələri ilə yük daşımalar vasitəsilə yayılır.

Zərər vurduğu bitkilər:

Meyvə, giləmeyvə, bostan və tərəvəz bitkilərinə, üzümlüklərə, dekorativ (bəzək) bitkilərinə, lobya, soya, qarğıdalı, dənli bitkilərə, texniki və qəzzəli bitkilərə ümumiyyətlə 100-dən artıq bitki növünə zərər vura bilir.

Mübarizə tədbirləri:

Bağacığa qarşı mübarizədə əsasən kimyəvi üsuldan istifadə edilir.

Meyvə bitkilərinin dərmanlanmasını erkən yazda zərərvericilərin zəif immunitetə malik olduqları vaxtda yerinə yetirmək lazımdır. Mərmər bağacığına qarşı kimyəvi mübarizədə lyambda-siqalothrin, Bifenthrin,  İmidokloprid və Tiakloprid tərkibli insektisid və insektisid-akarisidlərdən istifadə olunması müsbət nəticə verir.