İyunun 5-də Qəbələ, Quba və Xızı rayonlarında quşçuluq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri”, “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib. Təlimlər Qəbələ, Xızı və Quba rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat şəraitində aparılıb.
Qəbələ rayonunda fermer Talverdi Bəybala oğlu Əzizova məxsus olan iribuynuzlu və keçiçilik təsərrüfatında “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlimdə fermerlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığını və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib.
“Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda Xızı şəhər sakini, Rafiq Novruz oğlu Əliyevə məxsus quşçuluq təsərrüfatında təlim keçirilib. Təlimdə fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib. Eləcə də təlimdə sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərinə qarşı peyvənd edilməsinin vacibliyi qeyd edilib.
“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlim Quba rayonunun Qaraçay kənd sakini Vəlməmməd Hacıbala oğlu Yarməmmədova məxsus maldarlıq təsərrüfatında baş tutub. Təlimdə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətindən və iqtisadi zərərindən danışılıb. Xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb.
Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.
Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.
Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Bölgələrdə ölkəmiz üçün xarakterik olmayan dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam edir
11 Dekabr 2025
AKİA sədri Yalçın Camalov Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
11 Dekabr 2025
Azərbaycanda indiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
11 Dekabr 2025
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Ağdaşda vətəndaları qəbul edib, fermerlərlə görüşüb
11 Dekabr 2025
Bakıda növbəti “Mövsüm Yarmarkası” təşkil olunacaq
11 Dekabr 2025