Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci ildən aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılıb. Yanvarın 1-dən etibarən subsidiya ilə bağlı müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi olan Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə həyata keçirilir. Qaydalara görə, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müəyyən olunmuş müddətdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTİS-ə daxil etməlidirlər.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 6-cı bəndinə əsasən fermerlərə sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri təsdiq edirlər. Qeyd edilən torpaq sahələrinin icarə və istifadəyə verilməsi ilə əlaqədar müqavilələrin təsdiq edilməsi “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçirilir.
Hazırda 16 rayon üzrə (Ağdaş, Ağsu, Kürdəmir, Qəbələ, Tovuz, Sabirabad, Şəki, Şabran, İsmayıllı, Qusar, Lerik, Bərdə, Masallı, Xaçmaz, Lənkəran, Şamaxı) icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə 581 nümayəndəliyin “Elektron notariat” informasiya sisteminə qoşulması təmin edilib. EKTİS-ə daxil edilən torpaq sahəsi üzərində istifadə hüququna dair sənədlər arasında sahəsi 5 hektara qədər torpaq sahələrinin icarə əsasında istifadəsini nəzərdə tutan müqavilələr çoxluq təşkil edir.
Bu səbəbdən qeyd edilən müqavilələrin təsdiqini həyata keçiriən inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin “Elektron notariat” informasiya sisteminə qoşulması prosesi davam etməkdədir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyi tərəfindən “Elektron notariat” informasiya sisteminə çıxışı olmayan rayonlar üzrə yerli ərazi icra nümayəndəliklərinin həmin sistemə inteqrasiyasının təmin edilməsi məqsədilə aidiyyəti şəxslərə təlimlər keçirilir. Bu silsilədən ötən həftə Şəmkir, Qazax, Samux, Goranboy, Ağstafa, Göygöl rayonları üzrə icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və aidiyyəti rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə növbəti təlimlər keçirilib. Təlim iştirakçılarına “Elektron notariat” informasiya sistemi barədə ətraflı məlumat verilib, sistemdən istifadə qaydaları əyani formada nümayiş olunub. Sahəsi 5 hektara qədər torpaq sahələrinin icarə əsasında istifadəyə verilən zaman bağlanılan müqavilələrin qanunvericiliyin tələblərinə uyğun aparılması və “Elektron notariat” informasiya sisteminə daxil edilməsinin vacibliyi təlim iştirakçılarına izah edilib.
Təlimlər qrafik əsasında digər rayonlarda da təşkil olunacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024