İyunun 12-də Saatlı rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, Nazirliyin və tabeli qurumlarının əməkdaşlarının, Rayon İcra Hakimiyyətinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı ilə “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda regional müşavirə keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə çıxış edərək qeyd edib ki, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına göstərilən çoxşaxəli texniki və maliyyə dəstəyinin səmərəliliyinin artırılması, istehsalın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mütərəqqi metodların və yeni əkinçilik üsullarının tətbiqi, ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsinə nail olunması, ümumilikdə ölkədə həyata keçirilən aqrar siyasətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Nazir müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlar, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalar təkrar (aralıq) əkinlərə də şamil edilib və dəstək tədbirlərinin tətbiqi nəticəsində təkrar əkin sahələri 2014-cü ildə 1489 hektardan olduğu halda, 2017-ci ildə artaraq 39652 hektara çatıb.
Seyfəddin Talıbov təkrar əkinlərin kənd təsərrüfatının inkişafına əlavə təkan verəcəyini və bu texnologiyanın geniş tətbiqi üzrə yerlərdə texniki, təşkilati və digər tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son dövrlərdə rayonda aqrar sahənin inkişafı, həmçinin təkrar əkinlərin aparılması istiqamətində görülmüş işlər barədə məlumat verib və aralıq əkinlərin heyvandarlığın yem bazasının təminatında əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov ““Taxıl məhsulunun itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyəti”, Nazirlik Aparatının Dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov “Təkrar əkinlərə subsidiyaların verilməsi mexanizmi”, KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət” barədə məruzələrlə çıxış ediblər.
Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərə müvafiq tövsiyələr verilib, məhsul istehsalçılarının təklifləri dinlənilib.
Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları rayonun Qaracalar kəndində məhsulu yığılmış arpa sahəsinin yerində aparılan təkrar qarğıdalı səpini ilə tanış olublar.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026