Saatlı rayonu ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Saatlı Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 35 kəndində saxlanılan 67555 baş iribuynuzlu, 117372 baş xırdabuynuzlu, 1828 baş təkdırnaqlı heyvana və 368568 baş ev quşuna baytarlıq xidməti göstərirlər.
Cari ilin müvafiq dövrü ərzində Saatlı rayonu ərazisində 67271 baş iribuynuzlu və 1885 baş təkdırnaqlı heyvanda qarayara, 2949 baş sahibli itdə quduzluq, 43222 baş xırdabuynuzlu heyvanda çiçək, 2206 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 174942 (“H” ştammı ilə) baş quşda və 692166 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Fevral ayından Saatlıda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 67774 baş iribuynuzlu və 97309 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.
Mart ayının ilk günlərindən isə Saatlı Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 28056 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayonda 5 min kvadratmetr sahədə məcburi, 6500 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2139 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 2048 baş iribuynuzlu heyvanda, manqoya qarşı 1076 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.
Saatlı rayonunda saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Hal-hazırda xırdabuynuzlu heyvanlarda qarayara, çiçək, bruselyoz, iribuynuzlu heyvanlarda nodulyar dermatit, bruselyoz, quşlarda nyukasl və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılır. Eləcə də qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024