Sabirabad rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 100-dən artıq fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Sabirabadın kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Məhz həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, bu ilin altı ayında isə təxminən 13% artıb”.
Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.
Nazir pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekbar 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmuş İsgəndər Hüseynov, Əlizamin Nəbiyev və Fazil Vəliyevə orden və vəsiqələr təqdim olunub.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Pambıqçılığın inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində görülmüş işlər, problemlər və qarşıda duran vəzifələr”, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev “Pambıq əkinlərində suvarmanın mövcud vəziyyəti”, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə və “Az-Agro” MMC-nin direktoru Vahid Hüseynov “Pambıqçılığın inkişafı ilə bağlı cari ildə görülmüş işlər və problemlər” mövzularında məruzə ilə çıxış ediblər.
Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024