Salyan rayonunda “Respublikada payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin yerinə yetirilməsi” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Salyan, Neftçala, Cəlilabad, Saatlı, Sabirabad, Masallı, Hacıqabul, Kurdəmir, İmişli və Biləsuvar rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəsisləri iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bildirib ki, ölkə əhalisinin taxıl məhsulları ilə etibarlı təminatı aqrar sektorda dövlət siyasətinin əsasını təşkil edir. Bu səbəbdən taxıl istehsalının artırılmasında digər aqrotexniki tədbirlərlə yanaşı, payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilmiş optimal müddətlərdə başa çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, 2020-ci ilin məhsulu üçün respublika üzrə 1 milyon hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur. Dövlət Aqrar İnkişaf Mərkəzlərindən daxil olmuş operativ məlumatlara əsasən, 2019-cu il 15 dekabr tarixə ölkə üzrə 970.0 min hektarda payızlıq taxıl səpini artıq başa çatdırılıb. Pambıq əkinindən sonra növbəli əkin sisteminin tətbiqi məqsədilə pambıqçılıq rayonlarında az miqdarda qalan sahələrdə səpin qısa müddətdə başa çatdırılacaq. R. Quliyev bildirib ki, cari ildə taxıl səpini üçün sahələrin şumlanması əsasən optimal müddətdə başa çatdırılıb, fermerlərin toxum və gübrə təminatında çətinlik olmayıb.
Tədbirdə oktyabr-noyabr ayları ərzində ölkə ərazisində müşahidə edilən kəskin quraqlıq və suvarma suyunun çatışmaması nəticəsində taxıl sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması yolları, əkin sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisid və yemləmə gübrələri ilə təminatın vəziyyəti geniş müzakirə edilib.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov əkin sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlərin yerinə yeririlməsi üçün planlaşdırılan tədbirlər barədə məlumat verib, rayon DAİM-lərinin rəhbərləri və mütəxəssisləri taxıl əkinlərində görülmüş işlər, problemlər və onlardan çıxış yolları haqqında fikirlərini bildiriblər.
Tədbirdə qısa müddətdə taxıl sahələrinin suvarılmasının intensivləşdirilməsi məqsədilə təsirli tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub və nəticəsi barədə Nazirliyə müntəzəm məlumatların təqdim olunması qərara alınıb.
Tədbirin sonunda Salyan rayonununun bir neçə kəndində müxtəlif vaxtlarda əkilmiş taxıl sahələrinə baxış keçirilib, müvafiq məsləhətlər verilib.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026