Sofiyada Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
İclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda çıxış edən Müştərək Komissiyanın həmsədri Bolqarıstanın energetika naziri Temenujka Petkova Komissiyanın beşinci iclasının gündəliyi barədə qısa məlumat verib.
Nazir Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Azərbaycan ilə Bolqarıstan arasında energetika sahələrində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb.
Energetika sahəsində əməkdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu bildirən Temenujka Petkova Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası baxımında Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizinin önəmindən danışıb. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyətini vurğulayıb.
İclasda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Müştərək Komissiyanın həmsədri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi və sosial göstəriciləri ilə regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan özünün davamlı iqtisadi inkişafını qoruyub saxlayır, dünyaya bütün mədəniyyətlərin birgəyaşayış modelini və tolerantlıq nümunəsini təqdim edir. Kənd təsərrüfatı naziri deyib: “25 illik diplomatik əlaqələrə malik olduğumuz Bolqarıstan Azərbaycanın əməkdaşlığın bütün sahələrində strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasında təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial imkanlar mövcuddur”.
Nazir İnam Kərimov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, Bolqarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüququn normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini xüsusi vurğulayıb. Azərbaycanın Bolqarıstanın bu mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
İnam Kərimov Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısının alınmasının zəruriliyini vurğulayıb və ümumiyyətlə, Bolqarıstanın, o cümlədən Avropa ölkələrinin separatçı rejimlə əməkdaşlıq etməməli olduqlarını diqqətə çatdırıb.
Azərbaycan və Bolqarıstan arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı, ticarət dövriyyəsinin həcmində müsbət dinamikanın müşahidə edildiyi qeyd olunub. Bununla belə, bildirilib ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Sonra Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə ikitərəfli görüşü keçirilib.
Dövlətimizin başçısının apardığı iqtisadi islahatlar çərçivəsində həyata keçirilən Bakı-Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələrinin iqtisadi əhəmiyyətindən bəhs edən İnam Kərimov Bolqarıstanla sözügedən layihələr çərçivəsində əməkdaşlığın mümkünlüyünü ifadə edib.
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokolun mətninin razılaşdırılması və tamamlanması məqsədilə hər iki tərəfin ekspertlərinin iştirakı ilə işçi qrupları şəkilində müzakirələr aparılıb.
İclasda Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova da iştirak edib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024