Azərbaycan çoxşaxəli və məhsuldar kənd təsərrüfatının formalaşması üçün əlverişli iqlim şəraitinə malikdir. Bunu Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov Rusiyanın “finam.ru” saytına müsahibəsində deyib. O bildirib ki, kənd təsərrüfatı, qeyri-neft ixracının artmasında və idxalın əvəz edilməsində mühüm rol oynayır: “Bu potensial Ölkə Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyətin ətraflı təhlili əsasında hazırlanmış sənəd olan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb”.
Ə.Abbasov bildirib ki, kənd təsərrüfatı sahəsində əsas məqsəd məhsuldarlığı artırmaqla bu sahədə rəqabətqabiliyyətliliyi və ərzaq təhlükəsizliyini təmin etməkdir: “Bu da innovativ istehsal və idarəetmə texnologiyalarının, müasir və mütərəqqi üsul və həllərin tətbiq olunmasını, habelə sahəyə investisiyaların cəlb edilməsini tələb edir. İnnovasiya sahəsinə investisiyaları cəlb etmək üçün vacib vasitələrdən biri olan subsidiyalar əkin, suvarma və kənd təsərrüfatının digər sahələrində müasir texnologiyaların tətbiqi üsullarından istifadə edən fermerlərə də verilir. 2020-ci ildən bütün bu proses "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi" vasitəsilə həyata keçiriləcək”.
Direktor müavini qeyd edib ki, “Aqraryönümlü elmi müəssisələrin təminatını gücləndirmək və bu strukturların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində həyata keçirilmiş institusional islahatlar nəticəsində Aqrar Elm və İnnovasiya Mərkəzi yaradılıb. Onun sözlərinə görə, Mərkəz 7 elmi-tədqiqat institutunun, 8 regional Aqrar Elm və İnnovasiya mərkəzinin və 50-yə yaxın təcrübə stansiyasının fəaliyyətini koordinasiya edir. Əkbər Abbasov bildirib ki, Mərkəz aqrar innovasiyaları təbliğ və tətbiq etməklə yanaşı, müntəzəm olaraq fermerlərə innovativ üsulların - yeni suvarma (damcı suvarma, səpmə üsulu, səthi suvarma metodu) və effektiv əkin üsullarının (laydırsız şum, tirəyə səpin, sıfır becərmə, qarışıq əkin, lazer mala və s.) nümayişini keçirir. Müvafiq istehsal texnologiyalarının inkişafı ilə yanaşı, təsərrüfatların idarəetmə sisteminin avtomatlaşdırılması praktikası da təkmilləşdirilir”.
Azərbaycanda ilk dəfə olaraq, Quba rayonunda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində 15 hektar sahədə bütün proseslərin tam avtomatlaşdırılaraq kompüterlə idarə olunan “ağıllı bağ” yaradıldığını xatırladan mərkəzin direktor müavini vurğulayıb ki, burada günəşə, dolu və şaxtaya qarşı qoruyucu sistemin yaradılması məhsul itkisinin qarşısını alacaq: “Bu bağların əsas üstünlükləri məhsuldarlığın 25% daha artıq olması və bağda işləyənlərin sayının minimum olmasıdır. Zərərvericilərə qarşı mübarizə vasitəsi kimi dronların tətbiqi genişlənməkdədir: dronlar çiləyici, video nəzarət rejimi, zəruri portlar və proqram təminatı ilə təchiz edilib”.
Ötən ildən başlayaraq mərkəzin təşəbbüsülü ilə keçirilən “AgroX” startap müsabiqəsinə toxunan Əkbər Abbasov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı startaplarını stimullaşdırmaq və bu sahədə fəaliyyəti təşviq etməkdədir. 2020-ci ildə kənd təsərrüfatındakı texnoloji yeniliklərə həsr olunmuş “Agrohackathon” müsabiqəsinin keçirilməsi planlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasovun sözlərinə görə, mərkəzin əsas məqsədi kənd təsərrüfatının müxtəlif sahələrində yüksək məhsuldarlığı təmin edəcək daha geniş ərazilərdə pilot layihələrin həyata keçirilməsinə nail olmaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024