Ucar rayonunda pambıq bitkisinin Çin texnologiyası əsasında becərilməsi ilə bağlı pilot layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, pambıqçılıq üzrə ixtisaslaşmış Kürdəmir, Ucar, Ağsu, Ağcabədi, Zərdab, Yevlax və digər rayonlardan olan 200-dək fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Çindən dəvət olunmuş mütəxəssislərinin iştirakı ilə Ucarda 10 hektar sahədə model təsərrüfat yaradılıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı maksimum yüksək səviyyəyə qaldırmaqla bağlı çox mühüm tapşırıq verib. Bu innovativ texnologiya da fermerin daha az əziyyət çəkməsinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləməsinə səbəb olur. Çin texnologiyasından istifadə nəticəsində istehsalat xərcləri azalır, məhsuldarlıq artır. Siz fermerlər bu gün qazandığınız təcrübənin çarçısı olmalısınız. Biz Beyləqanda və Tərtərdə türk və yunan mütəxəssilərinin iştirakı ilə model təsərrüfatlar yaradırıq. Azərbaycanda pambıqçılığın ənənələri zəngindir, tarixi dərindir. Artıq dünyada kənd təsərrüfatının inkişafı təcrübə müdbadiləsi üzərində qurulub. Biz dünya təcrübəsini öyrənməli, öz yaxşı təcrübəmizlə birləşdirməli və öz təcrübəmizi digər dövlətlərlə bölüşməliyik”.
Daha sonra tədbir iştirakçıları Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında pambıq səpini ilə əyani tanış olublar.
Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.
Yeni sistemin texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə bağlıdırfərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.
Torpaqda buxarlanmanın qarşısının alınması, nəmlik ehtiyatının yaradılması da pambığın innovativ texnologiya ilə əkilməsinin üstün cəhətlərindəndir. Çin texnologiyası əsasında pambığın əkini və becərilməsi zamanı polietilen örtükdən istifadə olunması alaq otlarının inkişafını məhdudlaşdırır ki, bu da ənənəvi üsulla müqayisədə əsas üstünlüklərdən biri sayılır. Bundan başqa, polietilen örtük toxumun inkişafı üçün yaxşı temperatur rejimi yaradır, bununla da erkən səpini həyata keçirmək mümkün olur.
Məhsuldarlığa gəlincə, yeni innovativ texnologiyadan istifadə zamanı məhsuldarlıq ən azı 50-60 sentner təşkil edir.
Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu pilot layihənin gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bununla bağlı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələrinə Çin texnologiyası əsasında pambıq əkininin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatın verilməsi, eləcə də pambıqçılıqla məşğul olan şirkətlərə bu innovativ layihənin üstünlüklərinin nümayiş etdirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təqdimat mərasimindən sonra kənd təsərrüfatı naziri İnam Kərimov səyyar qəbul keçirib. Səyyar qəbulda nazir fermerlərin qayğıları ilə maraqlanıb, müvafiq göstəriş və tapşırıqlar verib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024