Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət olunmaqla ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini davam etdirir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Xaçmaz rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların infeksion nodulyar dermatiti, xırdabuynuzlu heyvanların qarayarası və quşların nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır.
İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 31474 baş iribuynuzlu, 30113 baş xırdabuynuzlu, 1818 baş təkdırnaqlı heyvanda və 200 baş donuzda qarayara, 19093 baş iribuynuzlu heyvanda dabaq, 8259 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 3423 baş itdə və 2100 baş vəhşi heyvanda oral yolla quduzluq, 150 baş donuzda taun, 1678 baş iribuynuzlu heyvanda (Şt-19) bruselyoz, 300000 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 100820 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.
Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya işləri, heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi həyata keçirilir. Cari ilin müvafiq dövrü ərzində Xaçmaz rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 47796 kvadratmetr ərazidə dezinfeksiya işləri görülüb. Eləcə də 9600 baş iribuynuzlu heyvanda ektoparazitlərə qarşı çimizdirilmə aparılıb.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Eləcə də tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd aparırlar. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri həyata keçirirlər.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitdə aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.
Məlumat üçün qeyd edək ki, heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfata yeni gətirilən heyvanlar məcburi surətdə karantində saxlanmalı, eləcə də təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə edilərsə, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət olunmalıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024