Xaçmazda “Niyazabad Pomidor İstehsal Kooperativi” təsis edilib

“Azərbaycan Respublikasında Kənd Yerləri və Regionların İnkişafına Dəstək” (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Xaçmaz rayonunda “Niyazabad Pomidor İstehsal Kooperativi”nin yaradılması üzrə təsis yığıncağı keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, “Azərbaycan Respublikasında Kənd Yerləri və Regionların İnkişafına Dəstək” proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev aqrar sahədə dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat verib.  Azər Əliyev bildirib ki, kooperativlərinin yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması baxımından əhəmiyyətli rol oynayır.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov da öz növbəsində koopertivləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, "Aqrar Tədarük və Təchizat" ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.

İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Aqşin Bayramov iştirakçılara “Azərbaycan Respublikasında kənd yerləri və regional inkişafa dəstək proqramı-KYRİD”nın icrasına texniki yardım layihəsi çərçivəsində regionda və Xaçmaz rayonunda görülmüş işlər və Nazirliyin sahibkarlığın inkişafı istiqamətində həyata keçiridiyi dəstək mexanizmləri barədə geniş məlumat verib.

Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq Xaçmaz rayonunda pomidor istehsalının inkişafı üçün kooperativləşmənin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Natiqlər KYRİD layihəsi tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edərək kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Daha sonra "Niyazabad Pomidor İstehsal Kooperativi"nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyatdan keçməklə bağlı qərar qəbul ediblər. Fermer Teymurov Cavid yekdilliklə "Niyazabad Pomidor İstehsal Kooperativi"nin sədri seçilib.

İmzalanma mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr təşkil olunub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb.